“Məni yaşadan, qulluğumda duran həyat yoldaşımdır”- Əməliyat olunan xalq artistindən ETİRAF+ÖZƏL+FOTO

“Məni yaşadan, qulluğumda duran həyat yoldaşımdır”- Əməliyat olunan xalq artistindən ETİRAF+ÖZƏL+FOTO

“Ayağımdan əməliyat olunmuşam. Hal-hazırda evdə müalicə olunuram. Həkimlər hələ ki, evdən çıxmağıma icazə vermir. Teatra da gedə bilmirəm, səhnəsiz qalmışam. Neçə illərdir teatrda fasiləsiz çalışıram, birdən-birə belə bir qəzaya düşmüşəm. Təəssüflənirəm. Bu illər ərzində heç büllüten də açdırmamışam”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Rafiq Əzimov deyib. O daha sonra bildirib ki, ayağını Lənkəranda qastrolda olarkən sındırıb.

 

“ “Qarabağnamə” tamaşasını çox uğurla oynadıq. Axşam gəlib sənət yoldaşlarımızla birlikdə çörək yedik. Otelimiz dənizkənarında yerləşirdi. Bərk də yağış yağırdı. Mərmər islanmışdı, ayağım sürüşdü, yerə yıxıldım. Yaxşı ki, uşaqlar məni tutdular, başım yerə dəymədi. Ayağımın çanaq hissəsi əzildi. İsti-isti hiss etmədim. Gördüm ki, ayağımda bir az ağrı var. Təcili Tibbi Yardım maşını məni xəstəxanaya çatdırdı. Rentgen edəndən sonra həkimlər dedi ki, çanağın buynuz hissəsində nəsə çat var. Teatrın rəhbərliyi belə qərara gəldi ki, gecə ilə məni Bakıya gətirsinlər. Bakıdakı xəstəxanalardan birində müalicə aldım. Əməliyyat olundum, artıq evdəyəm. Həkim müxtəlif idman hərəkətləri tapşırıb ki, evdə edim. Evin içində qısa gəzintilər olur. İnsanıq da. Bilmirik ki, başımıza nə gələcək. Ona görə də deyirlər ki, “ölüm gözlə-qaş arasındadır” deyə sənətkar bildirib.

 

Xalq artisti 85 yaşının olmasına baxmayaraq hələ də cavanlarla ayaqlaşdığını bildirib.

 

“Bu gün də teatrımızın gəncləri ilə birlikdə səhnəyə çıxıram, tamaşalarda oynayıram. Özümü səhnədə hər zaman gümrah hiss etmişəm. Məni yaşadan, həm də qulluğumda duran həyat yoldaşım Nigar xanımdır. Allah hamıya mənim xanımın kimi həyat yoldaşı qismət etsin. Bir də məni yaşadan teatrımdır ki, 61 ildir fasiləsiz orada çalışıram” deyə sənətkar bildirib.

 

Xalq artisti bildirib ki, hələ oynamaq istədiyi rollar çoxdur:

 

“Hələ ki, canımızda can var. Çox az qalmışıq. İstər kino, istərsə də teatr sahəsində oynamaq istədiyimiz rollar var. Rejissorlar bizdən istifadə etməlidir. Mən tək öz adımdan yox, həmyaşıdlarımın, həmkarlarımın da adından danışıram. Sözsüz ki, onlar da mənimlə eyni fikirdədirlər. Bizim möhtəşəm qələbəmiz oldu. Biz şəhidlərimizə, qəhrəman oğullarımıza hələ borcumuzu tam ödəməmişik. Teatr və kinolarda onların, qəhrəmanlarımızı dünyaya gətirən şəhid analarının, onları qorxmaz böyüdən ataların obrazlarını oynamalıyıq. Mənim bundan sonra ən böyük arzum budur” deyə xalq artisti bildirib.

 

Mənbə

Share: