Xalq artisti Mələkxanım Əyyubovanın qızı, rəssam-aparıcı Nəzrin Nəcəfova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Nəzrin, AzTV-nin “Telesəhər” verilişində aparıcı kimi fəaliyyətə başlamısınız. İşləriniz necədir?
– Hər şey yaxşıdır, öz axarında davam edir. Aparıcı kimi AzTV-də fəaliyyət göstərirəm. Bu, mənim üçün bir məktəb kimidir. İlk dəfə aparıcı kimi efirə çıxıram. Düzdür, uşaqlıqdan aparıcılıq sahəsinə marağım olub. Televiziya pultunu əlimə alıb, güzgü önündə aparıcılıq edirdim. Amma heç vaxt düşünməzdim ki, illər sonra mənə belə bir təklif olacaq, tamaşçıların qarşısına canlı efirdə çıxacam.
Aparıcılıq məsuliyyətli və çətin bir işdir. Təcrübəsiz biri üçün isə ikiqat məsuliyyətdir. Amma şükür olsun ki, yaxşı irəliləyirəm və hər gün daha çox təcrübə qazanıram. Düşünürəm ki, daha da yaxşı olacaq.
– Aparıcılıq təklifi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov tərəfindən gəlib…
– Bəli, AzTV-də sədrdən təklif gəldi. Nümunə çəkilişləri oldu və işə qəbul edildim.
– Qeyd etdiyiniz kimi bu sahədə ilk təcrübənizdir. Nə kimi çətinlikləriniz olur?
– Bütün sahələrdə çətinlik danılmazdır və təbii ki, mənim də çətinliyim olur. Çünki biz fərqli mövzulara toxunuruq. Verilişin formatı daha çox siyasət istiqamətlidir. Millət vəkillər və dövlət orqanlarında çalışan şəxslər qonağımız olurlar. Mən öz üzərimdə daha çox işləməyə çalışıram. İncəsənət yönümlü olduğuma görə çalışıram, özümə yaxın mövzulara toxunum. Amma əlbəttə, əlavə şərhlərimi də bildirirəm. Belə məqamlarda dinləməyə üstünlük verirəm ki, öyrənim və bir müddətdən sonra həmkarlarıma qoşulum.
– Rəhbərlik işiniz haqqında nə fikirdədir?
– Səhvim olanda bildirirlər, deyirlər, bunu belə etsən daha yaxşı olar və sair. Sağ olsunlar, hər zaman mənə dəstək olurlar. Mən də çalışıram ki, səhvlərimi düzəldim və təkrarlamayım.
– Aparıcı kimi qarşınıza hansı məqsədləri qoymusunuz?
– Bildiyiniz kimi mən rəssam, modelyer-dizaynerəm, ondan əlavə influnser (marketinqin bir sahəsi-red.) kimi fəaliyyət göstərirəm. Aparıcılıq mənim üçün ilk təcrübədir. Bilmirəm bundan sonra aparıcı kimi fəaliyyətim necə olacaq… Hələ ki, bu sahədəyəm. Gələcəkdə həyat nə göstərəcək, birlikdə görəcəyik. İndi bu haqda bir söz deyə bilmərəm. Hələ ki, öyrənirəm.
– Rəssam kimi bu sahədəuğurlarınız var. Hətta Amerikada rəsm əsərlərinizin sərgisi də baş tutdu. Düşünürsünüzmü ki, aparıcı kimi fəaliyyətiniz rəssam kimi sizi arxa plana keçirə bilər?
– Bəli, Mayami ştatında rəsm əsərlərimin sərgisi keçirilib. Düşünürəm ki, aparıcılıq rəssam kimi fəaliyyətimə təsir etməz. İstedadlı insanlar hər sahədə özünü göstərə bilir. Özümü nəzərdə tutmuram. Düzdür, hazırda bütün diqqətimi aparıcılıq sahəsinə ayırmışam, çünki bu işdə yeniyəm.
İnsan hər sahədə yaxşı olmağa çalışmalı və bunu bacarmalıdır. Mən də buna səy göstərirəm. Ona görə bütün diqqətimi efirə ayırmışam, gələcək nəyi göstərər bilmirəm.
Amma düşünmürəm ki, aparıcılıq başqa işlərimə mane olacaq. Çünki hamısını paralel aparıram. Düzdür, hazırda vaxt azlığına görə rəssamlığa fasilə vermişəm, amma davam edəcəm. İnflunser kimi də davam edirəm. Fikrimcə, bunlar hər biri bir-birinə təkan verəcək, nəinki əksinə…
– İnsanlar tərəfindən Mələkxanım Əyyubovanın qızı və rəssam kimi tanınırdınız. Aparıcı kimi fəaliyyət göstərdikdən sonra daha çox fərd kimi tanınmağa başladınız. İnsanlar sizə necə reaksiya göstərirlər?
– Hər kəs mənə yaxınlaşanda gözəl sözlər deyir. İnsanların təbəssümləri ilə qarşılaşıram. Bu, çox xoşdur və mənə motivasiya verir.
– Sizi daha çox Mələkxanım Əyyubovanın qızı, rəssam, yoxsa aparıcı kimi tanıyırlar?
– Hər iki halda… Mənə deyəndə ki, siz Mələkxanım Əyyubovanın qızısınız, mənə çox xoş olur. Ümumilikdə, həm fəaliyyətimlə, həm də məşhur bir insanın qızı olaraq tanınıram.
– Mələkxanım Əyyubova sizi daha çox hansı sahədə dəstəkləyir?
– Hər iki sahədə də mənə dəstək olur. Deyir ki, sən bacaracaqsan, zəhmətkeşliyimi üzə çıxarır. Hətta hərdən təəccübənir ki, bilmirdim, sən bu qədər zəhmətkeşsən.
Hər bir valideyn çalışır ki, övladı çətinlik yaşamasın, onu hərtətəfli qorusun. Mənim də ata-anam elədir, istəyirlər ki, əziyyət çəkməyim, heç nədə əskiyim olmasın… Səhər saat 5-də oyanıram, işə gedirəm, axşamdan efirə hazırlaşıram. Başqa işlərim də olanda evə yorğun halda gəlirəm.
Atam-anam bunları görəndə deyirlər ki, halaldı, səndə yeni şeyləri kəşf etmişik. İnsan hər şeyi bacarar, sadəcə qarşısına məqsəd qoymalıdır.
– Sizi ananız, yoxsa atanız daha çox dəstəkləyir?
– Hər ikisi dəstəkləyir, verilişə baxıb fikirlərini bildirirlər. Anam deyir ki, filan səhvi etdin, atam deyir ki, yox, yaxşı idi, normaldır. Öz aralarında müzakirə edib, sonra fikirlərini bildirirlər. Mən də cavab verirəm ki, dediklərinizi düzəldəcəm, üzərimdə işləyəcəm. Hər gün efiri izləyirlər.
Şükür Allaha, səhvlərim cox deyil, çünki canlı efirdir. Sədr də bildirir ki, səhvlərin olması normaldır, indi olsun, sonra yox.
– Blogger Aynişan Quliyeva mağaza açdı. Sizin necə belə bir fikriniz varmı?
– Bəli, aksessuar satışı ilə məşğul olacam. Gələn ay onlayn fəaliyyət göstərəcəyik. İnşallah, gələcəkdə dizaynıma uyğun zərgərin aksessuar hazırlamasını istəyirəm. Hələlik hazır aksessuarlar satılacaq.
– Rəssamlıq sahəsini necə qiymətləndirirsiniz? Gənclərimizin bu sahədə aktiv fəaliyyətini görmürük. Bu haqda nə deyə bilərsiniz?
– İstedadlı rəssamlarımız çoxdur. Sadəcə niyə üzdə deyillər, niyə aktiv şəkildə görsənmirlər, mənə də maraqlıdır.
Mənə o vaxt sual vermişdilər ki, rəssamlıq sahəsində nəyi dəyişmək istərdiniz? Cavabda təklif verdim ki, insanlar öz ciblərinə görə yox, hansısa qurum vasitəsilə xarici ölkədə əl işlərini təbliğ edə bilsinlər. Həm kommersiya, həm də tanıtım məqsədli olsun. Bu gənc rəssamlar üçün stimul olar.
– Rəsm əsərlərinizdən gəlir əldə edirsinizmi?
– Gəlir əldə etmişəm. Xaricə ölkələrə gedirik, həm sərgilərimiz təşkil olunur, həm də rəsm əsərlərimiz satışa çıxarılır.
– Rəsm əsərlərinə təyin edilən qiymət qənaətbəxşdirmi?
– Düzünü deyim ki, elə də yüksək məbləğ təklif etməyiblər, təklif olunan məbləğlə də razılaşmamışıq. Düşünmüşük ki, bu qədər əziyyət çəkilən əsəri o qiymətə satmaqdansa, özümə qalar. Amma xeyriyyə məqsədilə əsərimi satmışam. Bir uşağın ürək əməliyyatı keçirilirdi, onunla bağlı aksiyaya qoşuldum, rəsm əsərimi hədiyyə etdim. Ədə olunan gəlir uşağın əməliyyatına ayrıldı. Gələcəkdə Bakıda fərdi sərgim baş tutsa, həm əl işlərim sərgilənər, həm də rəsm əsərlərimin satışı həyata keçirilər.
– Neçə rəsm əsəriniz var?
– 40-dan çoxdu.
– Qarabağ zəfərimizə aid rəsm əsəri çəkmisinizmi?
– Bəli, Şuşa, Laçın və Xudafərin körpüsü ilə bağlı rəsm əsəri çəkmişəm.
– Şuşaya getmisinizmi?
-Bəli, sentyabrda Azərbaycan Dövlət Televiziyası anamın həyat və yaradıcılığı ilə bağlı film çəkirdi. Bununla yanaşı, anamın Ramal İsrafilovla duet şəklində yenidən ifa etdiyi “Xarı Bülbül” mahnısına da klip çəkdirdilər. Onda Şuşada Cıdır düzünə də getdik. Atam əsgərlərimizin Cıdır düzündə göstərdiyi sücaətdən danışdı. Bu qürurvericidir, insan fəxr edir.
– Yay fəslini yaşayırıq. Maraqlıdır ki, istirahətinizi harada keçirməyi planlaşdırırsınız?
– Bakıda bağ evimizdə istirahət edəcəm. Keçən il Türkiyəyə getmişdim. Bu il başqa planlarım var, Avropa ölkələrinə getmək istəyirəm.
– Sonuncu suallımız şəxsi həyatla bağlıdır. Bu il ailə qurmaq kimi hər hansı planınız varmı?
– Ailə qurmaq çox ciddi bir addımdır. İndividual düşüncədir, hər kəs onu bir cür tərənnüm edə bilər. Mənim üçün evlilik çox ciddi qərardır. Hələ ki, özümü buna tam hazır hiss etmirəm. Fikrimi sırf kariyerama fokuslamışam. Təbii ki, Allahın qisməti də var…