Mənsimovdan sərt bəyanat: Satqın, murdar tülkü…

Sosial şəbəkələrdə“Palmali Şirkətlər Qrupu”nun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun Azərbaycanın parçalanması istiqamətində fəaliyyət göstərdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Fəxrəddin Abbasova dəstək verməsi haqqında məlumat paylaşılıb.

Axar.az xəbər verir ki, şirkət adından yayılan açıqlamada məlumatların həqiqəti əks etdirmədiyi və təxribat xarakteri daşıdığı bildirilib:

“Palmali Şirkətlər Qrupu”nun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun Azərbaycanın milli maraqları, millətin rifahının daha da yüksəldilməsi istiqamətində gördüyü işlər bəzi xəstə təfəkkürlü, Azərbaycanın əleyhinə olan qüvvələr tərəfindən həmişə narahatlıqla qarşılanıb. “Palmali Şirkətlər Qrupu”nun prezidenti adına sosial səbəkələrdə saysız-hesabsız hesablar açılıb və bunun qarşısını almaq qeyri-mümkündür. Ötən gün axşam saatlarında yalançı səhifələrdən birində guya Mübariz Mənsimovun Azərbaycanın parçalanması istiqamətində fəaliyyət göstərdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Fəxrəddin Abbasova dəstək verməsi haqqında yazı paylaşılıb. Bunun bizimlə heç bir əlaqəmiz yoxdur. Mübariz Mənsimov heç vaxt Azərbaycana qarşı olanlara dəstək verməyib və verməyəcək. Fəxrəddin Abbasov separatçı, vahid vətənimiz olan Azərbaycanın parçalanması üçün hətta erməni murdarları ilə sıx əməkdaşlıq etməkdən belə çəkinməyən əqidəsiz, satqın, mənliyi olmayan bir məxluqdur”.

Açıqlamada həmçinin qeyd edilib ki, Mübariz Mənsimovu hansısa formada belə adamla əlaqələndirməyin özü cinayət əməlidir:

“Bildiririk ki, bu statusu paylaşan səhifə barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Mübariz Mənsimov hər zaman bəyan edib: “Azərbaycanı parçalamaq istəyən və bu fikrə düşən qarşısında, ilk növbədə, məni görəcək. Mənim vətənim vahid, bütöv Azərbaycandır. Həmişə bu müqəddəs amalla yaşamışam və heç nə, heç kim məni bu yoldan döndərə bilməz”.

***

Olayla bağlı Mübariz Mənsimov şəxsən özü də münasibətini bildirib.

“Mənim adıma açılan səhifələrdən birində tanımadığım, tanımaq belə istəmədiyim insan haqqında paylaşım olub. Guya mən Fəxrəddin Abbasov adlı bir şəxsi müdafiə etmək üçün insanları məhkəmənın qarşısına çağırmışam.

Cənablar, mən hər zaman demişəm, yenə də deyirəm: “Azərbaycanı parçalamaq istəyən istənilən insan, ilk olaraq, qarşısında məni görəcək. Mənim üçün Azərbaycan dövlətinin və xalqının maraqları hər şeydən üstündür. Mən heç bir zaman vətənimi parçalayan şərəfsiz, satqın, murdar heyvan xislətli insanlara dəstək vermərəm, verməyəcəm də. Bunu qulağınızda sırğa edin və məni belə çirkin siyasi oyunlara çəkməyin!

Azərbaycan bölünməzdir və vahid vücud halında olmalıdır. Separatçılığa yol vermək olmaz. Azərbaycanın milli maraqlarını qorumaq, müdafiə etmək hər birimizin vətəndaş borcudur. Azərbaycanı bölmək istəyənlər vətən xainləridir və cəzalarını çəkməlidirlər.

Mənim adıma açılan səhifənin sahiblərinə xəbərdarlıq edirəm ki, adımdan siyasi açıqlamalar edilməsin. Mən bunu qəti şəkildə pisləyirəm. Hüquq-mühafizə orqanlarına belə səhifələrlə bağlı şikayət ediləcək. Vurğulamaq istəyirəm ki, sosial şəbəkədə mənə aid cəmi 2 rəsmi səhifə var. Bir daha bəyan edirəm: Mübariz Mənsimova “separatçı” damğasını yapışdırmaq heç vaxt alınmayacaq. Mümkün deyil. Mənim vətənim – vahid AZƏRBAYCANdır! Mənim düşmənim Azərbaycanı parçalamağa çalışan ermənilər və onların tülkü əlaltılarıdır. İndiyə qədər bunlarla mübarizə aparmışam, bundan sonra da əlimdən gələni edəcəm ki, belələrini dizin-dizin süründürüm, yerlə-yeksan edim. Azərbaycan xalqına həmişə xidmət etmişəm və həmişə xalqımın əsgəri olmuşam. Belə olub, var və olacaq”, – Mənsimov qeyd edib.

Share: