Qaradağ rayonu Sahil qəsəbəsində karantin qaydalarını pozanlar cərimələnib, təşkilatçı inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, avqustun 30-da Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 43 ünvanında bir qrup şəxsin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaq karantin qaydalarını pozaraq, mərasim keçirməsi barədə Qaradağ RPİ-nin İctimai Təhlükəsizlik Şöbəsinə məlumat daxil olub. Dərhal Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları ilə birgə qeyd edilən ünvan nəzarətə götürülüb.
Polis əməkdaşlarının keçirdikləri tədbir zamanı mərasimin təşkilatçısı, qəsəbə sakini Vüsal Tarverdiyev və daha 25 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. İdarədə onlarla profilaktik söhbətlər aparılıb.
Xüsusi karantin rejimi qaydalarını pozan 25 nəfər barəsində inzibati protokollar tərtib olunub və onların hər biri cərimələnib. Məclisin təşkilatçısı V.Tarverdiyev barəsində isə məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs qərarı verilib.