Dekabrın 13-də Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini növbəti dəfə endirə bilər.
Bunu Report-a maliyyə bazarındakı mənbə bildirib.
Məlumata görə, hazırki iqtisadi göstəricilər uçot dərəcəsinin parametrlərində dəyişikliyə şərait yaradır:
“Artıq 10 aylıq idxal-ixrac əməliyyatlarının göstəriciləri, tədiyyə balansı ilə bağlı rəqəmlər və uçot dərəcəsinə təsir edən bir çox digər faktorların göstəriciləri məlumdur. Hesab edirəm ki, bütün bunlar uçot dərəcəsini bir qədər də endirilməsinə şərait yaradır”.
Dövlət Gömrük Komitəsinin statistikasına istinadən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 28,276 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% çoxdur. Son nəticədə xarici ticarətdə 5,366 milyard dollarlıq müsbət saldo yaranıb.
Qeyd edək ki, AMB sonuncu dəfə faiz dəhlizində dəyişikliyi oktybarın 25-də edib. Həmin vaxt Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib. Bundan əlavə faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Xatırladaq ki, AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 13-də baxacaq.