M.Ə.Rəsulzadənin dəyərli fikirləri (I yazı)

M.Ə.Rəsulzadənin dəyərli fikirləri (I yazı)

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin müxtəlif illərdəki yazılarındakı, çıxışlarındakı, yazdığı məktublardakı dəyərli fikirləri arasdırıb, toplayıb kitab olaraq nəşrə hazırlayıram. Həmin kitabdan bəzi hissələri oxuculara təqdim edirəm.

 

Millətpərəstlik nədir?

 

“Bax iki cür “millətpərəstlik” var. Biri qoçaq, biri maymaq. O ki qoçaq millətpərəstdir – gedib bir dükan açır, yainki karxana bina eləyir. Adın qoyur “millət dükanı”, yainki “millət fabrikası”, başlayır yavaş-yavaş “millət qarpızı, millət papirosu, “millət bezi” satmağa. Bu millətpərəstin məfai də həmişə qeyrilərinkindən bir az baha olur. Bu da məlumdur ki, neçün, ondan ötrü ki, özgələrinin yalxu papiros, qarpız, bez və flan isə, bunun ki, “millət papirosu”, “millət qarpızı”, “millət bezi” və “millət flanı”dır. O ki, maymaq millətpərəstdir, o da bu qoçaqların sözlərinə inanıb, bir şahılıq qarpızı altı qəpiyə, acı “papirosu” “şirin” əvəzinə, 8 qəpiklik bezi 10 qəpiyə “millət” naminə alıb işlədir”.

 

“Təkamül” qəzeti, 30 dekabr 1906-cı il, N3.

 

 

Azərbaycan türkləri

 

“…Bəli, türklər də gərək olsun. Çünki Qafqaz vilayətlərində fəhləlik və hamballıq etməklə kəsb-ruzi edən iranlıların əksəri Azərbaycan türkləridir ki, burada Rusiya fəhlələri arasında işləməklə, yoldaşlıq təsiri olaraq, hürriyyət və fədakarlıq işlərinə alışmışlar!

 

“İran bahadırları türklərdir” – demək İran inqilabının əsası ilə, əsasi-elmiyyəsi ilə isbat edilmiş bir həqiqətdir ki, bu barədə heç danışıq belə olmaz”.

 

“Təkamül” qəzeti, 17 fevral 1907- il, N9.

 

“Fəda ol, qədr gör!”

 

“-Ah… nə vaxt bir  mücahid özünü fəda etdi ki, cəmaət onun qədrini bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən. Əvəzsiz heç nə alınmaz. Fəda ol, qədr gör!”

 

“İrşad” qəzeti, 15 aprel 1908-ci il, N51.

 

İki Azərbaycan həsrəti

 

“Mərənd…

 

Nə gözəl, nə şairanə bir bucaq! Qovaqlar uzanaraq, asimanə baş qalxızmış, meyvədar ağaclar böyük bir vüqar ilə fikrə dalmışlar…

 

Ah, əgər bu təbiət, bu hava, bu şənlik, bu şəfa, bu məlahət, bu səda Bakıda olaydı, yaxud Bakı burda olaydı!..”

 

“Tərəqqi” qəzeti, 4 iyun 1909-cu il, N122.

 

Vəsiyyətnamə

 

“1. Yüksək vəzifəyə layiq görmədiyiniz şəxsi həm özünüzü, həm də başqalarını aldadıb böyük tarixi şəxsiyyət fərz etməyin. Çünki, bu cür etsəniz öz təcrübəm əsasında deyirəm – öz başınıza bəla gətirərsiniz.

 

2. Əgər təzə təşkil edəcəyiniz məmləkətin əsasları köhnədirsə, labüd olaraq inqilabdan keçərək bir milli hökumət təşkil edin.

 

3. Siyasi nəzəriyyələr meydanında nə qədər bacarırsınız, fikir atınızı oynadın. Amma bu at oynatmaq irançılıq çərçivəsindən kənara çıxmamalıdır.

 

4. Siyasət meydanında nə qədər mühafizəkar olsanız da, orta yol seçin və ya həddə artıq qızğın olmayın, bir-birinizi ittiham etməyin!..

 

5. Əgər nazir olsanız və ya İranda təzə yüksək vəzifəyə çatsanız, öz hərəkətlərinizdə mülahizəli olun. Elə etməyin ki, sizin məlumat və üzrxahlığınız məmləkətə və onun azadlığına xələl gətirsin.

 

6. Əgər millət vəkili olsanız, öz vəzifənizi bilin və heç vaxt ondan kənara çıxmayın…

 

7. Əgər allah eləməsin, çətinliyə düşüb gözlədiyinizin əksinə olaraq jurnalist olsanız, ən azı sərxoş halda heç bir şey yazmayın, yoxsa öz milli mətbuatımızın bədnam olmağına bais olacaqsınız.

 

8. İdarəyə və ya Milli Məclisə vəkillər seçilən zaman elə adamı seçin ki, onun özünün müstəqil fikri olsun, vicdanla rəy versin. Gözləməsin ki, görək filankəs nə rəy verəcək, mən də onun əksinə rəy verim.

 

9. Əgər bir hadisə zamanı siz öz millətinizə layiqli xidmət etsəniz və məşhur qəhrəman olsanız çalışın ki, hərəkətləriniz ad-sanınıza uyğun olsun. Belə olmazsa, sabah xidmətiniz bir qara qəpiyə dəyməz.

 

10. Öz çalışqanlığınıza görə bir yerə hakim təyin olunsanız, elə etməyin ki, sizə baxıb zalımlara rəhmət oxusunlar…”

 

“İrani-Nov” (“Yeni İran”) qəzeti, 1910, 17 may, N206.

 

Güney Azərbaycanı – İran türkləri

 

“İran türkləri başlıca Azərbaycanda sakin olarlar. İran Azərbaycanı İra¬nın şimal tərəfində mövcuddur və İranda mövcud səkkiz əyalətin ən mühümüdür. Talış kimi bəzi ormanları və Muğan səhrasının İran qismi istisna edilirsə, Azərbaycan ələl-ümum dağlıqdır. Bu dağlardan ən mühümləri Savalan, Səhənd, Qaradağ silsilələridir. Ərdəbil qəzasında olan Savalan dağı 4725 metr yüksəkliyindədir. Bu qitə dağlıq olmaqla bərabər əkinçiliyə əlverişli, münbit torpağı çoxdur, havası saf və sağlamdır…”

 

“Azərbaycanın mərkəzi əyaləti Təbriz və məşhur şəhərləri də bunlardır: Ərdəbil, Urmiya, Xoy, Dilman (Səlmas), Maku, Sulduz (Sulduz ərazisi Osmanlı dövləti ilə İran arasında mübahisəli nahiyələrdir), Marağa Xalxaldır.

 

Əhalinin  böyük qismi ziraət və ticarətlə məşğul isələr də Şahsevən, Qaracadağlı, Çələbiyan və Xəmsə elləri kimi bir qisim də köçəri halında və çobanlıq ilə keçirirlər”.

 

“İran türkləri və İran türklüyü deyildiyi vaxt xatirə ələl-əksər Azərbaycan gəlir. Halbuki, 3 milyon türkdən təqribən iki bucuq milyonu ehtiva edən bu qitədən başqa İranın sair yerlərində, hətta irani-qədimin mərkəzi olan Şiraz ətrafında belə türklər vardır. Bunlar ədədləri 350 mini təcavüz edən qaşqailərdir ki, bir əsirət halında yaşarlar”.

 

“Türk daha mətindir”

 

“İran türkü, başqa türk qardaşı kimi bir az mühafizəkardır. Azərbaycanlı bir türk, şirazlı bir farsdan daha təəssübkeşdir, türk, fars qədər azad fikirli deyil, fəqət onun qədər əzimsiz və laübali(səhlənkar) deyildir. Türk daha mətin və daha səbatkardır(sabit,mətanətli)”.

 

Təbriz-Azəri türkləri

 

“Təbriz İran inqilabının atəşlər yağdıran bir mənbəyi idi. Azəri türklərindən təşəkkül edən hürriyyət mücahidləri bütün İran zülmət pərəstanına qarşı mərdanə köks gərmiş, dayanmışdır. İranın ənvar və niyazisi Səttar xan ilə Bağır xanın komandası altında Təbrizin on bir aylıq bir mühasirəyə qarşı göstərdiyi qəhrəmanlıqların öylə şanslı səhifələri vardır ki, bu bahadır türklərin iranlılar arasında “övladı-qəyuri Azərbaycan” – deməyə təməyyüz(fərqlənmə) etmələri pək haqlıdır”.

 

“Türk Yurdu” jurnalı, N4, 1911; N2, 6, 9, 10, 12/24 1912-ci il.

 

“Erməni məsələsi”

 

“Nədir bu erməni məsələsi? Bu, hər şeydən əvvəl bir ərazi məsələsidir. Bir yerdə ərazi bir millətə mənsub olanlarda olub, zərilər (əkinlər, tarlalar) digər bir milliyyətə mənsub olurlarsa, mütləq malik(yiyə, sahib) ilə zəri(əkinçi)) arasında təbii olan sinfi mübarizəsi milliyyət şəklini alır”.

 

“Heç bir vilayətdə orasına Ermənistan dedirdəcək qədər əhalinin əksəriyyətini təşkil edən bir vilayət yoxdur”.

 

“İqbal” qəzeti, 9 iyun 1913-cü il, N380.

 

“Ərəb məsələsi”

 

“Ərəb məsələsi: nəzərimizcə Türkiyənin istiqlalı və gələcəkdə mühüm bir mövqe tutub da Asiyada möhkəm bir hökumət vücuda gətirə bilməsi bu “məsələ”nin yaxşı bir surətdə həllinə bağlıdır. Rum eli getdikdən sonra Türkiyədə iki mühüm ünsür qalır: Türklər və ərəblər. Bu iki ünsür uyuşa bilərsə, məmləkətin atisi(gələcəyi) təyin edilmiş deməkdir”.

 

“İqbal” qəzeti, 13 iyun 1913-cü il, N384.

 

“Sağlam millət”

 

“Millətlər ailələrdən təşəkkül edər. Sağlam olmayan ailələrdən təşəkkül edən millətlər sağlam millət ola bilməzlər”.

 

“İqbal” qəzeti, 17 iyun 1913-cü il, N387.

 

“Həyatı sevəlim”

 

“Mərakeşdən tutub – Buxaraya qədər, hər yerdə, hər bir islam məmləkətində kütleyi-naş “dünyanı beş gün “bilir”, “beşi də qara”. Bu beş qara gün isə nə çalışmağa dəyər, nə də zəhmətə…

 

Biz müsəlmanlar, bizə öyrədilən “müsəlman tərbiyəsi”nə sadiq qaldıqca dünya işlərində müvəffəq ola bilməmiz mümkün deyil. Çünki dünyanı və onun həyatını sevmiyoruz, onda bir gözəllik görmüyoruz…

 

…Bizdən əleyh(onun ziddinə,ona qarşı): həyatı sevəlim!”

 

“İqbal” qəzeti, 1 iyul 1913-cü il, N399.

 

Ana dilini bilmək

 

“Öz dilini bilməyib də sırf başqa bir dildə ziyalılaşan və təkəllüm (da¬nışmaq, söyləmək) edənlər, bir dərəcəyədək gülünc olurlar. Mənsub olduqları mühitə mərbutiyyətləri(bağlılıq) az qalır. Bir mühitdən uzaqlaşıyor, digər mühitə də tamanülə iltihaq  (birləşmə) edəmiyorlar”.

 

“İqbal” qəzeti, 4 iyul 1913-cü il, N402.

 

 

“Ağlağan olmamışam”

 

“Ağlamaq adətim deyildir. Çox güləyən deyiləm də ağlağanlığım da yox kimidir. Biz ifadeyi-cəbriyyə ilə anlatmaq lazım gəlsə, zənn edirəm ki, yenə gülüşüm zaidli(artıq, lazımsız) çıxar. Hətta uşaqlığımı xatırlayanlar belə mənim sakit və samit(sakit,danışmayan) bir bala olduğumu söylərlər”.

 

“İqbal” qəzeti, 19 noyabr 1913-cü il, N509.

 

Novruz Bayramının tarixi

 

“Hər millətin tarixindən başqa bir də tarixdən əvvəl tarik(qaranlıq) bir dövrəyə məxsus əsatiri vardır. Novruz dəxi ta İran qədim əsatiri içində görünür, məzkur(söylənmiş) əsatirə nəzərən Novruz Cəmşidin yadigarı ədd olunar(sayılar). Fəqət bu günkü şəkli ilə o elmən məchul bir dövr və şəxsə mənsub olmaqdan ziyadə tarixən mövcud olan bir Sultanə mərbutdur ki(baglıdır,aiddir), o da türk hökmdarlarından Cəlaləddin Məlikşah Səlcuqdur.

 

Cəlaləddin elm və fənnə ziyadəsilə əhəmiyyət verərdi. Elm və fənnə etdiyi xidmətlər meydanında mükəmməl bir tarixi şəmsi dəxi vücuda gətirmişdir. Bu tarix Cəlali adı ilə məşhurdur. Tarixi-Cəlalidə Novruz il başıdır və ya bayramdır”.

 

“İqbal” qəzeti, 13 mart 1914-cü il, N599.

 

 

“Özümüzü öyrənməliyik”

 

“Hər şeydən əvvəl özümüzü öyrənməliyik. Kimiz, nə millətiz, haradan gəlmişiz? Özümüz nə, mahiyyətimiz nə olduğunu bilməliyiz. Sonra da bilməliyiz ki, biz heç də həyatından qəti ümid etmiş bədbəxtlər deyiliz. Biləks(əksinə) anlamalıyız ki, böyük tarixə malikiz”.

 

“Bəsirət” qəzeti, 12 aprel 1914-cü il, N1.

 

(ardı var)

 

Mənbə

Share: