Macarıstan Formula E yarışlarına ev sahibliyi etmək istəyir

Macarıstan Formula E seriyasının bu ölkədə keçirilməsi üçün müraciət vermək niyyətindədir.

Macarıstanın Milli Avtomobil İdmanı Assosiasiyasının (MNASZ) rəhbəri Dyarfaş Olax bu günlərdə müraciətin detallarını müzakirə etmək məqsədilə FIA-nın başçısı Jan Todt ilə görüşəcək. San-Sitidə (CAR) FIA-nın illik konfransında iştirak edən Dyarfaş Olax bildirib ki, o, Macarıstanın Formula E yürüşlərinin təqviminə salınması şərtlərini yaxın günlərdə FIA ilə müzakirə etmək barədə razılığa gəlib. Olaxın sözlərinə görə, onun ölkəsi yürüş seriyasına ev sahibliyi etmək üçün illərdir çalışır.

Beynəlxalq qeyri-kommersiya təşkilatı olan FIA avtomobil təşkilatlarının və avtomobil sahiblərinin maraqlarını təmsil etmək məqsədilə 1904-cü il iyunun 20-də yaradılıb.

Formula E avtomobil idmanı növündə yalnız elektrik ötürücüsü ilə işləyən avtomobillərdən istifadə olunur. Bu yarışlar 2011-ci ildə yaradılıb, ilk yürüşlər isə 2014-cü ildə Pekində təşkil edilib.

Bu il qran-prilər artıq Mexiko, Honkonq, Paris və Romada keçirilib. Qarşıdakı yürüşlər Monako, Berlin, Bern və Nyu-York şəhərlərində təşkil olunacaq. (AZƏRTAC)

Share: