Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir.
Milletinsesi.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.
Digər bakalavrlar göstərilən müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (DİM-in inzibati binası, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
Qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), İnformatika üzrə 25 (o cümlədən açıq formalı 5) və Xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.
Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
Qəbul elanının tam mətni “Magistr” jurnalının 2-ci sayında dərc olunub. Jurnalda həmçinin “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.