Makron bir zənglə günahlarını yumaq istəyir

“Fransa Prezidenti Emmanuel Makronun noyabrın 19-u keçiriləcək Frankofoniya Təşkilatının 18-ci Zirvə görüşü ərəfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng etməsi və həmin görüş çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verməsi bir növ Fransa dövlətinin rəhbərlərinin öz günahlarını yumaq xarakteri daşıyır. Digər tərəfdən, Makron həm də nəzərə çatdırmaq istəyir ki, o, Azərbaycan – Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına laqeyd deyil və bu prosesdə özünü görmək, iştirakçı olduğunu sübuta yetirmək niyyətindədir”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 

Deputat qeyd edib ki, Makronu narahat edən Prezident İlham Əliyevin Əlcəzair Zirvə Toplantısında Fransanın ünvanına söylədiyi kəskin ifadələr, fransızların 1,5 milyondan çox əlcəzairlinin amansızcasına qətlə yetirilmələri barədə öz mövqeyini dünyaya bəyan etməsidir:

 

“Bu zəng əlbəttə ki, müsbət mənada qəbul edilə bilməz. Çünki Makronun ermənipərəst mövqeyi, uzun illər Ermənistanın tərəfində olması və son dəfə dördtərəfli görüşdən sonra Fransa televizaysında çıxışı zamanı Azərbaycana qarşı son dərəcə qərəzli mövqe tutması, hədə-qorxu gəlməsi, Ermənistanın mövqeyindən çıxış etməsi onun xəyənatkar, düşmən xislətini üzə çıxardı və xalqımızı son dərəcə hiddətləndirdi. Əlbəttə ki, Makronun səmimiyyətinə, onun rənglərinə inanmaq olmaz. Bu zəng bilavasitə gündəmdə qalmaq, Ermənistana məndə ortada varam deyə təskinlik vermək üçündür. Azərbaycanın, Prezidentimizin mövqeyi isə birmənalı və qətidir. Bu mövqe Əlcəzairdə, xüsusilə də Şuşa şəhərində qəti şəkildə bildirildi.

 

Dövlətimizin rəhbəri Ermənistanı sülhə dəvət etməklə bərabər yenə də bildirdi ki, ermənilər heç bir dövlətə bel bağlamamasınlar, onların saxta vədlərinə inanmasınlar, sülhə gəlsinlər. Əks təqdirdə Ermənistanı daha acınacaqlı gələcək gözləyir. Bu bəyanat sözsüz ki, təkcə Ermənistana deyil, onun havadarlarına, ən başlıcası Fransaya bir mesajdır. Çünki Azərbaycan qalibdir, güclüdür, heç bir dövlətdən qorxusu yoxdur. O müstəqil siyasət yeritməyə, lazım olsa güc göstərməyə və hər an öz sözünü ən mötəbər tribunalardan deməyə qadirdir. Niyyəti sülh, əminamanlıq, bərabərlik, haqq və ədalətdir. Heç kimin torpağını işğal etməyib və etmək niyyəti yoxdur. Belə olan halda Fransa və Ermənistan kimi təcavüzkar ölkələrdən çəkinmək söz, saxlamaq yersizdir. Azərbaycan sözünü deyib və deyəcək. Düşmənlərimizi qorxudan, təşvişə salan, zəng etməyə vadar edən də məhz budur”.    

Mənbə

Share: