
“Bizim borcumuz terrorçuluqla mübarizədir, lakin bu zaman əməliyyatları hədəfləri dəqiq nişan almaqla keçirmək zərurətdir…”
“Fransa İsrail ilə həmrəyliyini ifadə etməklə yanaşı, onun təhlükəsizliyini təmin etmək, iki dövlət prinsipi üzrə münaqişənin həlli üzərində işləmək niyyətindədir…”
Fransa prezidenti Emmanuel Makron İsrailə səfərə gəlib və yəhudi dövləti ilə bu ölkəyə HƏMAS terrorçu qruplaşmasının hücumundan sonra həmrəyliyini ifadə edib.
Moderator.az xəbər verir ki, bu barədə “Euronews” telekanalı məlumat yayıb.
Elə “Ben-Qurion” hava limanındaca Fransa prezidenti həlak olan və ya girov götürülən və Qəzza bölgəsinə aparılan Fransa vətəndaşlarının ailələri ilə görüşüb.
“Biz İsrail ilə bərabər hüzn içindəyik. Otuz nəfər həmvətənimiz oktyabrın 7-də qətlə yetirilib. Daha doqquz nəfər itkin düşüb və ya girovluqdadır. Təl-Əvivdə mən onların ailələri ilə həmrəyliyimi ifadə etmişəm”, – Makron “Twitter”də yazıb.
Fransanın BFM-TV telekanalı məlumat verib ki, Makron girovlarln qohumlarına xəbərdarlıq edib ki, onlara yalançı ümid vermək istəmir və onlara heç nə vəd edə bilməz.
Bu zaman siyasətçi əmin edib ki, Fransa öz vətəndaşlarının əsirlikdən azad etmək üçün bütün mümkün olanları edəcək.
“Mən prezidentdən xahiş etmişəm ki, mənim qızımın və əlbəttə ki, bürün girovların tez bir zamanda azad edilməsi üçün bütün mümkün olanları etsin. Mən onun buraya gəlişindən və göstərdiyi səylərdən təəsirlənmişəm. Mən yaxşı xəbərlərə ümid edirəm, belə xəbərlər ola bilər”, – bunu Fransanın terrorçular tərəfindən dərc edilən videoda tanınan yeganə vətəndaşı Miya Şemin atası Devid Şem deyib.
Fransız jurnalistərinin məlumatına görə, Makron İsrailin baş naziri və prezidenti və milli birlik hökumətinin tərkibinə daxil olan müxalifət liderləri ilə görüşüb.
Makron İsrail prezidentinə terrorçulara qarşı dəqiq əməliyyatların keçirilməsinin zəruriliyini bəyan edib.
Prezident Makron əmin edib ki, Fransa İsrail və bütün region üçün “sülhü, təhlükəsizliyi və sabitliyi bərpa etmək məqsədilə” bütün gücünü sərf edəcək.
O, qeyd edib ki, Fransa İsrailin terrorçu qruplaşmaları ilə mübarizəsinə dəstək verir, lakin dəqiq əməliyyatların aparılmasına tərəfdardır.
“Bizim borcumuz terrorçuluqla mübarizədir. Bu zaman yanlışlıqlara uymamaq və münaqişənin genişlənməsinə imkan verməmək çox vacibdir.
Mən sizin səsləndirdiyiniz xəbərdarlıqları bölüşürəm, lakin terrorçu qruplarla ciddi mübarizə aparmaq, əməliyyatları hədəfləri dəqiq nişan almaqla təşkil etmək zərurətdir”, – Makron deyib.
Prezident bəyan edib ki, Fransa bu münaqişəyə müdaxilə etməyə cəhd göstərə biləcək “terrorçu qruplaşmalara” ismarıc göndərib.
Məlumatda deyilir ki, Fransa prezidenti Ramallahda Fələstin lideri Mahmud Abbasla da görüşəcək.
Yelisey Sarayının nümayəndələrindən birinin sözlərinə görə, Fransa prezidenti öz səfəri ilə təkcə İsrail ilə həmrəyliyini göstərmək deyil, həm də eskalasiyanın qarşısını almaq, girovları azad etmək, İsrailin təhlükəsizliyini təmin etmək və “iki dövlət prinsipi” üzrə münaqişənin həlli üzərində işləmək niyyətindədir.
Bundan öncə ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts da İsrailə həmrəylik səfərləri edib.