Türkiyənin Malatya bölgəsində dünən baş verən növbəti zəlzələ zamanı ölənlərin sayı 2-yə çatıb.
Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
140 nəfərin isə yaralı olduğu qeyd edilib.
***
27.02.2023 / 14:24
Türkiyənin Malatya bölgəsində baş verən növbəti zəlzələ zamanı 1 nəfər ölüb, 69 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə AFAD rəhbəri Yunus Sezer məlumat yayıb.
Türkiyənin milli təhsil naziri Mahmut Özer isə bildirib ki, təbii fəlakət zamanı 22 bina dağılıb, beş nəfər dağıntılar altından çıxarılıb.
***
14:15
Türkiyənin Malatya şəhərində baş vermiş 5.6 bal gücündə zəlzələ nəticəsində dağıntılar olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.
Məlumata görə, axtarış-xilasetmə briqadaları zəlzələ bölgəsində fəaliyyətə başlayıb. Ata və qızı da daxil olmaqla bir neçə nəfərin dağıntılar altında qaldığı bildirilir.
Türkiyənin vitse-prezidenti Fuad Oktay mətbuata açıqlamasında deyib ki, bu gün qeydə alınan zəlzələ nəticəsində iki nəfər xəsarət alıb. O, vətəndaşları zədəli binalardan uzaq olmadığı çağırıb.
***
13:12
Türkiyənin Malatya vilayətində zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat verilib. Bildirilib ki, vilayətin Yeşilyurt rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 5.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.