
Marketlərin plastik torbalar üzərində loqolar yerləşdirməsi reklam baxımından effektsiz və simvolik xarakter daşıyır.
Bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib.
“Sadə sual: Siz heç marketin loqosunu torbanın üzərində görüb, məhz buna görə həmin marketdən alış-veriş etmisinizmi? Təbii ki, yox. Bu cür reklam sadəcə görüntü naminə edilir, real təsiri yoxdur.
Hüquqi cəhətdən isə üzərində reklam olan torbanın pulla satılması həm istehlakçı hüquqlarını pozur, həm də “Reklam haqqında” qanunun prinsiplərinə uyğun gəlmir. Əgər bir torba reklam daşıyıcısıdırsa, o zaman istehlakçıya pulsuz təqdim olunmalıdır. Reklam olan vasitənin satılması həm etik, həm də hüquqi baxımdan suallar doğurur.
Beynəlxalq təcrübədə reklam daşıyıcısı olan məhsullar — qəzet, jurnal, broşür, çanta və s. — ya pulsuz paylanır, ya da reklamdan gəlir sosial məqsədlərə yönəldilir. Azərbaycanda isə marketlər bu praktikadan sui-istifadə edirlər. Marketlər həm reklam yerləşdirir, həm də bu torbanı istehlakçıya pulla satır. Bu isə nə qanunvericiliyə uyğundur, nə də ədalətlidir. İstehlakçılar hüquqi yolla bu hallara qarşı çıxıb təzminat tələb edə bilər, lakin bunun üçün mövcud mexanizmlər çox mürəkkəb və vaxt aparıcıdır”, – o bildirib.