Mart gəldi, sərt karantin söhbətləri başladı: “Operativ Qərargah bilmir ki, nəyi bağlasın, nəyi açsın”

Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumatlardan bəlli olur ki, koronavirusa yoluxma sayı yenidən artmağa başlayıb.

Rəqəmlərə görə, yoluxma statistikası sağalaraq evə buraxılanların sayından iki dəfədən də artıqdır.

Bu rəqəmlər isə əhalinin karantin qaydalarının sərtləşdiriləcəyi ilə bağlı narahatlığını artırır. Hələ xeyli əvvəldən martda “evdə qal”ın yenidən tətbiq olunacağı ilə bağlı yayılan şayələrlə əlaqədar Operativ Qərargahdan hansısa açıqlamanın verilməməsi də narahatlığa əsas yaradır.

Əhalinin sərt karantin “qorxusunun” səbəbləri isə bəllidir, gəlir yerləri azalır, insanlar sosial vəziyyəti çətinləşir, bəzi ailələr isə ümumiyyətlə, çıxılmaz duruma düşür.

Belə olan halda sərt karantinin yenidən tətbiq olunmasına ehtiyac varmı, yoluxmanın qarşısının alınmasının alternativ yolları mövcud deyilmi?

Həkim-terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında karantinin sərtləşdirilməsinə lüzum görmədiyini və mövcud məhdudiyyətlərin də koronavirusun qarşısını alınmasında effektiv olmadığını bildirib:

“Əhaliyə bu qədər məhdudiyyətlərin qoyulması düzgün deyil. Adi soyuqdəyməni də “korona” kimi yazıb, istədikləri vaxt onu çoxaldır, istədikləri vaxt azaldırlar. “Biz mart demişik, martda da yoluxma sayı artmalıdır” yanaşması ortaya qoymaq olmaz axı. Operativ Qərargahdan da ona görə dəqiq bir söz deyilmir ki, onlar da yuxarı instansiyalardan cavab gözləyirlər. Son vaxtlar demək olar ki, bizə koronavirusla bağlı müraciət yoxdur. Lap deyək ki, müəyyən qədər artım var, axı avtobusların ağzınadək sərnişinlə dolu olduğu bir vaxtda yoluxma necə azala bilər.

Yəni görülən tədbirlər koronavirusun əleyhinə tədbirlər deyil. Metronu bağlayıblar, guya “ağız-ağıza” olan avtobuslarda “korona” yayılmır, amma metroda yayılır. Halbuki qatarların stansiyalarda daha az dayanması ilə metroda da sıxlığı aradan qaldırmaq olar. Elektrik enerjisi gedir deyə, adını məhdudlaşdırma qoyurlar. Belə məhdudlaşdırma olmur axı. Niyə avtobuslara da çox adam götürməklə bağlı məhdudiyyət qoymurlar. Axı o zaman məcbur olacaqlar ki, şəhərə çox avtobus buraxsınlar. Operativ Qərargah bilmir ki, nəyi bağlasın, nəyi açsın”.

Həkim terapevt marketlərdəki sıxlıqdan da danışıb:

“Kassaların qabağında insanlar bir-birinə söykənir. Amma birinin xalça dükanına ayda 5 nəfər girə ya girməyə, oranı bağlayırlar. Harada görünüb ki, sənaye malları mağazalarında sıxlıq olsun. Bu halda yoluxma necə ola bilər. Koronavirusun qarşını alan yalnız maskadır. Qalan tədbirlərin heç birinin “korona”ya dəxli yoxdur. Bunu avropalılar da, alimlər də sübut edib. Təkcə normal qaydada maska taxmaqla, hətta əllə də görüşmək olar”.

Share: