İdarə etdiyi nəqliyyat vasitəsində qanunsuz olaraq projektor quraşdırmış və avtomobilin banına müxtəlif formalı şəkillər çəkdirmiş sürücü DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunub.
Bu barədə Milletinsesi.az-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, “Scania” markalı, 90-RY-438 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Rzayev Allahşükür Valeh oğlu nəqliyyat vasitəsinə əlavə projektorlar quraşdıraraq və ban hissəsinə müxtəlif məzmunlu rəsmlər çəkdirərək idarə etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq tənbeh tədbirləri görülüb:
“Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsinə projektorların quraşdırılaraq istifadəsi sutkanın qaranlıq vaxtı əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin yolu görməsini məhdudlaşdırır ki, buda nəticə etibarı ilə yollarda hansısa bir xoşagəlməz hadisənin baş verməsinə səbəb olur. Həmin sürücülərin bir daha diqqətinə çatdırırıq ki, qeyd olunan avadanlıqdan istifadə qayda pozuntusudur və inzibati məsuliyyət yaradır.
Eyni zamanda bəzi sürücülər dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də, nəqliyyat vasitələrinin ban hissəsinə müxtəlif məzmunlu yazılar və rəsmlər çəkdirirlər ki, bu hal da yolverilməzdir. Nəzərə almaq lazımdır ki, belə rəsmlər və yazılar digər sürücülərin diqqətini yoldan yayındırmaqla, yol-nəqliyyat hadisəsinin baş verməsinə şərait yaradır”.