MDB-ni hansı aqibət gözləyir… – Təşkilat dağılmaq ərəfəsində

Oktyabrın 13-də Qırğızıstanın Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlər sammiti keçirilib. Sammit çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlar aparılıb, rus dili daxil olmaqla müxtəlif mövzular müzakirə olunub.

 

Müstəqil Dövlətlər Birliyinin əvvələr SSRİ-yə daxil olan doqquz üzvq var. Türkmənistan assosiativ üzvlük statusuna malikdir, Moldova isə qurumdan çıxmaq niyyətindədir. Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu sammitə iştirak etməkdən imtina edib.

 

Ümumiyyətlə, Sovet İttifaqı dağılmasından sonra yaradılan MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) kimi bir sıra qurumlar yaradılıb, lakin bu təşkilatlar Qərbdəki rəqibləri qədər ciddi nəticə əldə edə bilməyib və vaxtaşırı dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

 

MDB daxil olmaqla bu qurumların aqibəti necə olacaq?

 

Modern.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu Müstəqil Dövlətlər Birliyinin amorf qurum olduğunu vurğulayıb. O deyir ki, MDB-ni Sovetlər İttifaqının davamı kimi düşünürdülər.

 

“Ancaq, o, amorf bir quruma çevrildi. Onsuz da sözügedən qurum SSRİ-yə çevrilə bilməzdi. Çünki SSRİ bir imperiya idi. MDB indi də amorf təşkilatdır. Ora sadəcə fikir mübadiləsi üçün bir müstəvidir. Qəbul edilən sənədlərin yerinə yetirilməsi çətindir. MDB üzvü olan Azərbaycan və Ermənistan vaxtilə müharibə vəziyyətində idi. Təşkilata üzv olan ölkələrdən birinin işğal olunan, birinin işğalçı olması nə deməkdir? Bunun özü göstərir ki, bu təşkilat ancaq liderlərin, nazirlərin fikir mübadiləsi aparması üçün müstəvidir”.

Politoloq söyləyib ki, KTMT və MDB kimi təşkilatları dağılma təhlükəsi gözləyir:

 

“Rusiya Qərbin NATO-suna misilləmə olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaratdı. Oxşarlıq ancaq adda ola bilərdi. Məzmun çox fərqlidir. KTMT NATO ola bilməz. Gedişat onu göstərdi ki, burada fərqli maraqlar var. Rusiya ilə Qazaxstanın  maraqları fərqlənir. Ermənistan indi həm MDB, həm də KTMT-dən uzaqlaşmaq istəyir. Bu ölkə KTMT-ni faydasız hesab edir.MDB və KTMT kimi təşkilatların gələcəyi yoxdur. Rusiya biraz zəifləsə,bu təşkilatları da dağılmaq təhlükəsi gözləyir”.

 

 

Politoloq Turab Rzayev isə vurğulayıb ki, bu təşkilat və qurumlar ittifaqdan çox Rusiyanın bölgəyə təzyiq alətləridir:

 

“90-cı illərdə Sovet İttifaqı dağılanda onu müvəqqəti olaraq saxlamağa çalışdılar. Həmin dövrdə MDB vahid federativ dövlət kimi nəzərdə tutulmuşdu. Bununla bağlı razılaşmalar da var. Rusiya daha sonra ölkələri bir mərkəzdə saxlamaqda çətinlik çəkdi. Eləcə də, ölkələrdəki mərkəzdənqaçma meyilləri faktiki olaraq, MDB-ni ittifaqdan çox dövlətlərin bir-birilə necə əlaqə quracağı platformaya çevirdi. MDB NATO və Avropa Birliyi kimi güclü bir təşkilat olmadı. Bu qurum vasitəsilə Rusiya Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Şərqi Avropanı öz nəzarəti altında saxlamağa çalışırdı. 2000-ci illərdən sonra Rusiyada Yeltsinin hakimiyyətdən getməsi və əvəzinə Putinin gəlməsindən sonra güc strukturlarının möhkəmlənməsi  Rusiya siyasi xəttində keçmiş  Sovet ölkələrində təsirini gücləndirmə meyillərini artırdı.  Bundan sonra Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı, KTMT kimi qurumlar yaradıldı”.

T.Rzayev sözügedən qurumların aqibətinin Rusiyadan asılı olacağını deyib:

 

“Yaradılan digər qurumlara MDB-nin bütün üzvlərini yığmaq mümkün olmadı. Hərbi bloka isə ənənəvi olaraq, Qazaxıstan, Qırğızıstan, Tacikistan qoşuldu. Özbəkistan və Türkmənistan neytrallığını elan etdi. Qafqazda bütün bu ittifaqlara ancaq Ermənistanı əlavə edə bildilər. Şərqi Avropada nə Ukrayna, nə də Moldova bunlara qoşulmağa razılaşdı. Bütün bunlar yekunda layihələrin uğurlu olmadığını göstərdir. Sadəcə bunlar Rusiyanın keçmiş sovet ölkələrində nəzarəti əldə saxlamaq zərurətindən irəli gəlib. Təşkilaın aqibəti Rusiyadan asılı olacaq. Yəni Rusiya Ukrayna müharibəsindən güclənmiş şəkildə çıxacaqsa, bu təşkilatlar ən azından  bir müddət  daha təsirli olacaqlar.  Amma ən azından  Sovet İttifaqının bərpası, Sovet İttifaqının ilkin versiyası olmayacağını dəqiq deyə bilərik. Ukrayna müharibəsindən Rusiya daha da zəifləyib çıxacaqsa və sanksiyalar davam edəcəksə, bu təşkilatlar da zəifləyəcəklər”.

Mənbə

Share: