“Media Reyestrinin yaradılması ilə ölkədə ilk dəfə sərbəst çalışan jurnalistlərin hüquqları tanınır”

“Media Reyestrinin yaradılması ilə ölkədə ilk dəfə sərbəst çalışan jurnalistlərin hüquqları tanınmış olur”.

 

Bunu “Report”a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.

 

M.Ələsgərli vurğulayıb ki, “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq olunması haqqında Prezidentin fərmanı Azərbaycan mediasının saflaşdırılması, sağlamlaşdırılması və peşəkarlaşdırılması yönündə verilmiş çox mühüm bir qərardır”.

 

O, Media Reyestrinin yaradılması təşəbbüsünü ilk gündən, yəni onun “Media haqqında Qanun”un layihəsində nəzərdə tutulduğu gündən dəstəklədiyini bildirib:

 

“Media Reyestrinin aparılması qaydalarında nəzərdə tutulan maddələr, əslində, peşəkar KİV və jurnalist anlayışı üçün mövcud olan meyarlardır. Reyestrin formalaşdırılması, orada nəzərdə tutulan prinsiplərin tətbiq edilməsi ölkədə peşəkar media subyektləri və jurnalistlərlə həvəskar xəbər istehsalçısının sərhədlərini müəyyənləşdirəcək. Bu, həm media işçiləri, həm də cəmiyyət üçün çox faydalıdır. Reyestrə düşməyin mühüm şərtlərindən biri etik davranış qaydalarına əməl etməkdir. Qaydaların 6.6.11-ci maddəsində bu ifadə çox açıq şəkildə təsvir edilib. Etik kodeksə əməl etmək doğru, düzgün, qərəzsiz informasiya istehsal etmək deməkdir ki, bu da cəmiyyətimiz üçün çox faydalıdır”.

 

Media ekspertinin fikrincə, bu qaydaların qüvvəyə minməsi ilə ölkədə ilk dəfə sərbəst çalışan jurnalistlərin hüquqları tanınmış olur:

 

“Onlar adı reyestrdə olan KİV subyektlərinin biri ilə mülki müqavilə bağlamaqla, jurnalist vəsiqəsi ala və hüquqlarını reallaşdıra biləcəklər. Reyestrin tətbiq edilməsi həm də ölkədəki peşəkar KİV subyektləri və jurnalistlərin kəmiyyətini müəyyənləşdirməyə, statistik məlumat bazası yaratmağa yardım edəcək. Statistikanın əldə edilməsi dövlətə də imkan verəcək ki, medianın inkişafı üçün effektiv proqramlar hazırlasın və icra etsin. Qaydalarda diqqət çəkən daha bir mühüm bənd ora daxil olmağın könüllülük prinsipi əsasında qurulmasıdır. Əgər hansısa KİV subyekti reyestrə daxil olmaq istəməsə, öz fəaliyyətlərini köhnə qaydada davam etdirə biləcək. Bir sözlə, qaydalar çox mükəmməl hazırlanıb və media ictimaiyyəti üçün yalnız faydalılıq gətirir”.

 

Mənbə

Share: