Mehriban Əliyeva internat məktəbində

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Milletinsesi.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva internat məktəbinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb.

Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, 10 saylı sanatoriya tipli internat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. Binada sonuncu dəfə əsaslı təmir işləri 2005-ci ildə aparılıb. Mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və tikinti işlərinə başlanılıb.

Sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı korpuslarından ibarətdir. Tədris korpusunda müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, 2 texnologiya otağı və sinif otaqları fəaliyyət göstərir. Yeni tikilmiş 320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkxana korpusu da müvafiq avadanlıqla təchiz olunub.

Qeyd edilib ki, hazırda internat məktəbində Azərbaycan və rus bölmələrində iki növbədə 746 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 97 pedaqoji heyət məşğul olur.

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə dövlət tərəfindən böyük diqqət göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidən qurulması bunu bir daha göstərir.

 

Share: