“Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ISESKO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban xanım Əliyevanın ad günüdür. Doğma Azərbaycanın ən böyük təəssübkeşi, xalqımızın xoşbəxt gələcəyi üçün fədakar çalışqanlığı ilə hər kəsin sevimlisinə çevrilən Mehriban xanım Əliyeva uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq kimi çətin və şərəfli missiyanın neçə illərdir ki, daşıyıcısıdır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Tamam Cəfərova bildirib ki, Mehriban Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyəti həyatın demək olar ki, bütün sahələrini əhatə edir və qısa dövr ərzində Azərbaycanın ictimai-siyasi həyatına yenilik, müasirlik, fərqlilik, inkişaf və inanılmaz uğurlar gətirmişdir. Bu gün Mehriban xanım vətəndaş həmrəylinin bariz nümunəsinə, mərhəmət və xeyriyyəçilik simvoluna çevrilmişdir. Bu barədə Mehriban xanım Əliyevanın sözləri fikirlərimizi özündə ehtiva edir: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir”
Mehriban xanım Əliyevanın əsas fəaliyyət istiqamətlərindən biri ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatıdır və Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. Heydər Əliyev Fondunun layihələri çərçivəsində minlərlə məktəb, uşaq bağçası və ixtisaslaşdırılıb uşaq məktəbləri tikilib və təmir olunub, yüksək standartlar səviyyəsində təchiz olunub. Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilib.
Deputat vurğulayıb ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq humanitar təşəbbüsə çevrilib. Belə ki, layihə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, xarici ölkələrdə – Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir. Həmçinin, hörmətli Mehriban xanımın dəstəyi ilə Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya əsaslı təmir edilib.
Fikirlərinin davamı olaraq Tamam Cəfərova bildirib ki, Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Bununla bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Mehriban xanımın bu fəaliyyətini təkcə Azərbaycan dövləti deyil, bizimlə əməkdaşlıqda maraqlı olan xarici ölkə başçıları da qeyd edirlər. Tam əminlikə deyə bilərik ki, mentalitetimizə, milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideologiyasına söykənən missiyası ilə bütün dünya azərbaycanlılarının qəlbində xüsusi yeri tutan əziz Mehriban xanım beynəlxalq miqyasda Azərbaycan qadının müsbət obrazını yaradıb.
“Azərbaycan qadınına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlmiş, ölkənin siyasi sistemində güclü “Birinci Xanım” institutu formalaşmışdır”- deyən Tamam Cəfərova bildirib ki, Azərbaycan qadın hərəkatının lideri kimi, ölkəmizdə qadın hərəkatının və dövlət qadın siyasətinin inkişafında və yeni mərhələyə keçməsində, qadın hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının zənginləşməsində və Azərbaycan qadınının dünyada ən yüksək səviyyədə təmsil olunmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var: “Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha çox yayılmasına yönəlmişdir.
Doğma Azərbaycanın ən böyük təəssübkeşi, xalqımızın xoşbəxt gələcəyi üçün fədakar çalışqanlığı ilə hər kəsin sevimlisinə çevrilən Mehriban xanım Əliyeva uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq kimi çətin və şərəfli missiyanı uğurla daşıyır. Tam əminliklə deyə bilərik ki, bu gün Mehriban xanım, “Sizin Mehriban” imzası vətəndaş həmrəylinin bariz nümunəsinə, əsl mərhəmət və xeyriyyəçilik simvoluna çevrilib.