Meksikanın Sinaloa ştatında hüquq-mühafizə orqanlarının “Sinaloa” narkokartelinin keçmiş lideri, “El Çapo” ləqəbli Xoakin Qusmanın oğlu Ovidio Qusman Lopesin saxlanılması üzrə keçirdiyi genişmiqyaslı əməliyyat zamanı azı 29 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Luis Kresensio Sandoval mətbuat konfransında bildirib.
“Hakimiyyət orqanlarının hesablamalarına görə, 19 qanun pozucusu ölüb, 10 hərbçi isə xidməti borcunu yerinə yetirərkən həyatını verib”, – o deyib.
Bundan başqa, 35 hərbçi yaralanıb, onlara lazımi tibbi yardım göstərilir.
Rəsmi məlumatlara görə, təhlükəsizlik qüvvələrinə hücumda şübhəli bilinən 21 nəfər saxlanılıb. Cinayətkarlardan onlarla odlu silah, o cümlədən iriçaplı tüfənglər götürülüb.
Narkobaronun oğlunun saxlanması Sinaloanın paytaxtı Kulyakanda vəziyyətin kəskin şəkildə gərginləşməsinə səbəb olub, küçələrdə atışma olub, bir neçə rayonda yollar yanan maşınlarla bağlanıb. Hazırda şəhərdə vəziyyət hakimiyyətin nəzarəti altındadır, qarşıdurmaların nəticələri aradan qaldırılır.
“Sinaloa” narkokarteli ilə əlaqəli qruplaşmanın lideri olduğu güman edilən Ovidio Qusman Lopes cümə axşamı axşam saatlarında Mexikodakı “Altiplano” maksimum ciddi rejimli cəzaçəkmə müəssisəsinə aparılıb. Onun barəsində kokain, metamfetamin və marixuananı yaymaqda ittiham olunduğu ABŞ-a ekstradisiya tələbi də var. Meksikanın xarici işlər naziri Marselo Ebrard artıq onun sürətləndirilmiş şəkildə ABŞ ədliyyəsinə ekstradisiyasının mümkünlüyünü istisna edib.
Qeyd edək ki, Qusman Lopesin 2019-cu il oktybarın 17-də Kulyakanda saxlanılması küçə döyüşlərinə səbəb olmuş, qarşıdurmalarda 9 nəfər ölmüş, 20-dən çox insan yaralanmışdı. Hökumət elə həmin gün əhaliyə daha çox təhlükə yaratmamaq üçün onun azadlığa buraxılmasına göstəriş vermişdi.
Xatırladaq ki, Xoakin Qusman 2015-ci il iyulun 12-nə keçən gecə 10 metr dərinlikdə qazılmış 1,5 km-lik tunel vasitəsilə “Altiplano”dakı kamerasından qaçıb. O, 2016-cı il yanvarın 8-də Los Moçis şəhərində dəniz piyadalarının xüsusi əməliyyatı zamanı yenidən ələ keçirilib. Bir il sonra isə Meksika hökuməti narkobaronu ABŞ-a ekstradisiya edib. 2019-cu ilin fevralında Nyu-York ştatının Şərq dairəsinin məhkəməsinin münsiflər heyəti onu bütün ittiham maddələri üzrə təqsirli bilib, həmin ilin iyul ayının ortalarında isə ata Qusman ömürlük həbs cəzasına məhkum edilib.