MİDA 501 mənzili satışa çıxardı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Hövsan Yaşayış Kompleksində güzəştli mənzillərin seçimi 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

MİDA-dan Milletinsesi.az-a verilən məlumata görə, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla mida.gov.az və mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 501 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunacaq.

 

Share: