Ukrayna ilə Rusiya arasında aylardır davam edən hərbi əməliyyatlarda canlı qüvvə sarıdan ən çox itki verən tərəf Rusiyadır. Rəsmi rəqəmlər açıqlanmasa da, qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 100 minə yaxınlaşır. Və getdikcə hər ev, hər məhəllə əsgər ölümünə şahid olur. Məsələn, Rusiyanın Uzaq Şərqində kiçik bir kənddən yaşlı kişilərin böyük bir hissəsi prezident Vladimir Putinin Ukraynadakı müharibəsinə cəlb olunub.
Qərb mediası bu səbəbsiz müharibənin ucqar, yoxsul kəndə təsirindən yazıb. Sibirin Bukaçaça kəndi Zabaykalye diyarında yerləşir, 1200 sakini var. “Hakimiyyət Bukaçaçanı unutmuşdu. İndi, səfərbərlik vaxtı yadlarına düşüb”, – deyə sakinlərdən biri bildirib. Bukaçaça kimi ucqar kəndlərdə sovet dövrünün zavodları çoxdan bağlanıb, gənclərin karyera perspektivi isə əsasən kömür mədənlərindən keçir. “Çağırış yaşı olanları evdən çıxarıb, avtobusa mindirib harasa apardılar”, – deyə sakinlərdən biri bildirib. O, oğlunun hazırda Rusiyanın cənubunda Rostov-na-Donu şəhərində olduğunu, Ukrayna sərhədinin o tayına, 200 km məsafəyə “avadanlıq daşıdığını” söyləyib.
“Müharibə mövzusuna neytral baxırdı, ancaq ona deyəndə ki, özünü səfərbərlikdən xilas etsin, imtina etdi. Dedi ki, vətən çağırırsa, döyüşəcək. Daha onu dilə tutmadım”, – İrina adlı qadın qeyd edib. “Burada kömür mədəni var, bu yer yaşamaq üçün deyil. Müharibəsiz də milçək kimi qırılırdıq. Tezliklə Ukraynadan gətirilən gəncləri dəfn edəcəyik. Baxın, artıq yeni məzarlar üçün yer hazırlayıblar”, – deyən Andrey qarla örtülmüş ərazini göstərib. “Dedilər ki, yer çatmasa, yenə ayırarıq”, – o, sözlərinə əlavə edib. /Milli.az/