
Tanınmış şair, jurnalist, millət vəkili Elçin Mirzəbəylini yaxşı tanımasaydım, özünün, kitablarının ruhuna bələd olmasaydım, onun “Azərbaycançı olmaq lazımdır” adlı yazısı məni bu qədər təəccübləndirməzdi.
Əslində, məqalə xoş bir niyyətlə yazılıb. Elçin Mirzəbəyli “yeni dünya düzəni” adı altında dünyada və bölgəmizdə gedən proseslərin alt qatından xəbərsiz, “fundamental nəzəri bilikləri və siyasi təcrübəsi” olmayan adamların bəsit və bəzən də ziyanlı çıxışlarının çaşqınlq yaratdığını vurğulayır və haqlı olaraq bunu tənqid edir.
Türkiyədə baş verən hadisələri ürək ağrısı ilə izləyir və siyasi partiyaların hakimiyyət uğrunda mübarizələrinin Türkiyə cəmiyyətini qarşı-qarşıya qoymasına üzülürük. Demokratiyanın və milli birliyin qorunması bu gün təkcə Türkiyə üçün deyil, Türkiyəyə örnək kimi baxan bütün türk dünyası üçün son dərəcə önəmli və həyati məsələdir. Buna görə də Azərbaycan mətbuatı hadisələrə təmkinli yanaşmalı və “ərdoğançılar”, “imamoğluçular” cəbhələrinə bölünməmlidir.
Seçimi türk milləti edəcəkdir. O da məlumdur ki, son yüzildə azadlıq və bütövlüyümüzün əsas təminatlarından biri olan Türkiyə-Azərbaycan əməkdaşlığı siyasi partiyaların qərarına yox, böyük ənənəsi olan dərin dövlət təfəkkürünə, milli şüura və qardaşlıq duyğusuna əsaslanır. Buna görə də ayrı-ayrı adamların və ya qrupların fikri bu ənənəni dəyişdirə bilməz.
Elçin bəyin yazısında məni təəccübləndirən cəhət toxunduğu bu ciddi mövzuya gözlənilmədən Ayaz Salayevin cəmiyyətdə müzakirələrə səbəb olan və qınaqla qarşılanan televiziya mübahisələrini qoşması və Ayaz Salayevin “insan öz taleyini yaşadığı ölkənin taleyindən ayırmamalıdır” sözünü yazısının əsas motivinə, Ayaz Salayevi isə millətinin taleyinə bağlılıq və milli identikliyin yüksəlməsi nümunəsinə çevirməsi, bunu “azərbaycançı olmaq” çağırışı ilə əlaqələndirməsidir. Məncə, ölkənin taleyinə bağlı olmağın əsas şərtlərindən biri o ölkə xalqının ana dilinə bağlı olmaqdır. Elçin Mirzəbəyli yazır: “Ətrafımızda baş verənləri dəyərləndirmənin sadə bir düsturu var: Azərbaycançı olmaq lazımdır! Vəssalam!”
Heç bir Azərbaycan vətəndaşı bu “düstur”a etiraz etməz. Azərbaycan Xalq Cümhuriyyətindən başlayaraq, azərbaycançılığın əsas ideoloji xətt olaraq milli taleyimizdəki rolu bəllidir. Lakin nəzərə almalıyıq ki, XXI yüzil “türk əsri” sayılır və Azərbaycan “oz ailəsinə”, yəni türk dünyasına qovuşduqdan sonra sovet dönəmində yasaq edilmiş türkçülük ideyasından kənarda qala bilməz. Hələ keçən əsrin altmışıncı illərindən başlayaraq türkçülük reabilitasiya olunaraq, milli şüurun başlıca hərəkətverici qüvvəsinə və böyük türk ailəsinin əsas idealoji xəttinə, mənəvi gücünə çevrilib. Azərbaycançılıq quzeyli-güneyli azəbaycanlıları birləşdirdiyi kimi, türkçülük də türk dünyasını birləşdirən inkaredilməz bir “düstur”dur. Buna görə də azərbaycançılıq türkçülüyü və türk milli kimliyimizi inkar etmir; bunların birini qabardıb, digərini pərdə arxasında qoymaq olmaz və azərbaycançılıqdan sonra “vəssalam” deməklə də mövzu qapanmır.
Elçin bəy deyə bilər: yazıda mənim belə bir niyyətim yoxdur, “Milli varlığımızı və iradəmizi ifadə etməyin yeganə yolu milli identikliyimizi qorumaq yolu ilə Türk Dövlətləri Təşkilatını gücəndirmək və qlobal təhlükəsizlik çətirinə çevirməkdən ibarətdir” sözlərini də mən yazmışam. Düzdür, yazmısan. Lakin sən türkçülüyü kənara qoyub bu təşkilatı necə gücləndirə bilərsən? Deməli, hər bir türk dövləti öz özəl dəyərlərini – “özbəkliyini”, “qazaxlığını” və s. qorumaqla böyük türkçülük şüuruna yiyələnməli, onu inkişaf etdirməlidir. Məqalədə “vəssalam!” sözü ilə müəllif həm də “milli identikliyimizin” sərhədlərini cızmağa çalışır və bunu məhz Ayaz Salayev nümunəsində görür.
Bir sənət adamı kimi hörmət etdiyim Ayaz Salayevlə ana dilinin və anadilli məktəblərin qorunması ətrafında ilk debat mənimlə olmuşdu. Sonra bu söhbətə başqaları da qoşuldu. Elçin Mirzəbəyli “populist ritorika ədalətli və real yanaşmanın qənimidir” cümləsi ilə öz seçimini edir, ona görə ana dili tərəfdarları “populist ritorika” ilə məşğuldurlar, Ayas Salayev isə ədalətli və real yanaşmanın təmsilçisidir və bizlər onun qənimiyik. Bu yerdə hörmətli millət vəkilindən soruşuram: sən anadilli məktəblərin müdafiəsini hansı haqla, hansı məntiqlə, hansı vətəndaş yanaşması ilə “populist ritorika” hesab edirsən?
“Ayaz Salayevlərin sayı azaldıqca Baləlilərin sayı artacaq”. Bu da Elçin bəyin sözüdür. Bu cümlədə hörmətli millət vəkili anadilli məktəblərimizi aşağıladığının fərqində deyil.
Ayaz Salayev istedadlı adamdır, dostumuzdur və ona olan kobud hücumları mən də pislədim. O cür düşünmək və danışmaq onun haqqıdır. Lakin bu mövqeyi “ölkənin taleyinə bağlılıq” və uşaqlarımızın seçə biləcəyi yol kimi təbliğ etmək yanlışdır. Ayaz Salayev və bir sıra sənətkarımız (o cümlədən Anar, Maqsud və Rüstəm İbrahimbəyovlar, Fikrət Qoca, Əkrəm Əylisli, Məmməd İsmayıl və başqaları) vaxtilə Moskvada xüsusi sənət kurslarında təhsil alıb, ədəbiyyat və mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayıblar. Onların yarısı orta məktəbdə Azərbaycan dilində oxuyub, yarısı rus dilində. Deməli, burada həlledici amil dil yox, istedaddır. Yəni Ayaz Salayevin istedadı rus dilində təhsil alması ilə bağlı deyil. Baləlilər də bu millətin övladlarıdır və bu adın lağ hədəfi olmasını istəmiriksə, anadilli məktəblərimizin səviyyəsini qaldırmalıyıq, uşaqlarımızı və valideynlərimizi qonşu dövlətin və başqa yabançı dillərin aşiqinə çevirməməliyik.
“Son 10 il ərzində toplumsal intektual və mədəni səviyyəmizin haradan hara endiyini nəzərə alsaq, bizi bir müddət sonra mənəvi deqradasiyanın dibimə enmək kimi bir təhlükəni” görən və bundan narahat olan Elçin Mirzəbəylinin bunun qarşısını Salayevlərin sayının azalması ilə əlaqələndirməsi Ayazın Azərbaycan televiziyalarında “Mən fəxr edirəm ki, rus dilində oxumuşam” deyə qışqırmasına haqq qazandırmaqdır, bu milli identikliyi gücləndirmək yox, məhv etmək yoludur və azərbaycançılığa ciddi təhlükədir. Belə çıxır ki, biz mənəvi deqradasiyadan qaçmaq və azərbaycançılığı qorunmaq istəyiriksə, Ayaz Salayevlərin yolunu getməli və dilimizi “türk dili təhlükəsindən” qorumalıyıq.
Milli dəyərlərə qarşı olan heç bir söz ədalətli ola bilməz. Öz Konstitutsiya hüquqlarını, ana dilini qorumaq mövqeyini “populist ritorika” saymağın özü də azərbaycançı olmaq istəyi ilə daban-dabana ziddir.
Mənim anadilli məktəbləri inkişaf etdirmək, qorumaq, uşaqlarımızı ana dilində oxutmaq haqqında dediklərimə bəziləri millətçilik damğası vurur. Bir daha təkrarlayıram, mən uşaqlarımızın xarici dilləri öyrənməsini alqışlayıram, lakin ana dilinin hesabına yox!
Xalqların ana dili qorunmalıdır, düzdür. Lakin yüzillərlə ana dilinə ərəb, fars, rus, Avropa sözləri axanda susan xalqın qardaş xalqların dilindən gələn 10-15 kəlməyə qarşı cəbhə açması anormallıqdır və türk dövlətlərinin inteqrasiyasını istəməyənlərin yad təbliğatı altında formalaşmış türk düşmənçiliyi siyasətidir.