Bir müddət öncə Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən və bu yaxınlarda Xankəndidəki separatçıların başçısı Arayik Arutyunyanın “dövlət naziri” postunda işləmək təklifini qəbul edən milyarder Ruben Vardanyan son günlər müxtəlif “siyasi və ictimai dairələr”lə intensiv görüşlər keçirir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vardanyanın Xankəndidəki separatçı rejimdə “vəzifə” tutan şəxslərlə ayrı-ayrılıqda görüşlər keçirdiyi bildirilir. Məlumatda qeyd edilir ki, Vardanyan kiminlə işləyəcəyini, kimi “vəzifədən” qovacağını və dəyişəcəyini anlamaq üçün separatçı rejimin “məmurlarını” bir-bir yoxlayır.
“Dəyişikliklərin olacağı isə mütləqdir. Yeri gəlmişkən, Vardanyanın noyabrın 4-də “dövlət naziri” təyin olunacağı artıq məlumdur”, – deyə Ermənistan KİV-i yazıb.
Bəzi məlumatlara görə, separatçıların gələcək “dövlət naziri” iki aya yaxındır ki, Xankəndidə etiraz aksiyaları keçirən və Arayik Arutyunyanın istefasını tələb edən QHT sektorunun nümayəndəsi Tiqran Petrosyanla da görüşüb.
Vardanyanın Petrosyanı özünə müşavir təyin edəcəyinə söz verdiyi də bildirilir.