Dekabrın 14-də Kəlbəcərdə baş verən mina partlayışı zamanı xəsarət alan 3 nəfər (mülki vətəndaşlar olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər.
Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
“15 dekabr 2022-ci il saat 05:10 radələrində xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onlardan birinin müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam edir. Vəziyyəti stabildir, sabah əməliyyat edilməsi nəzərdə tutulub. Xəsarət alan şəxslərdən ikisinin müalicəsinə isə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada davam edilir. Vəziyyətləri stabildir. Xəsarət alanların diaqnozları sağ baldır sümüyünün və daban sümüyünün sınığı olub”.
Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.
Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.