
Müəllimlərin işəqəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi iyunda deyil, mart ayında keçirilməlidir. Bu, həm müəllimlər üçün, həm də onların çalışacaqları məktəblər üçün daha effektiv olacaq”.
Bunu Moderator.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri deyib.
Onun sözlərinə görə, sırf test imtahanının keçirilmə qrafikinə görə, bir çox müəllimlər əziyyət çəkir. Məsələnin digər tərəfi də, boş qalan vakant yerlər üçün elan edilən müsabiqədə müddətli müqavilə əsasında qoşulan müəllimlər işə ən yaxşı halda oktyabr ayında başlaya bilirlər:
“Bildiyimiz kimi MİQ müsabiqəsi 4 mərhələdən ibarətdir. Onun ikinci mərhələsi test imtahanıdır ki, müəllim və namizədin işəqəbul taleyini ən çox bu etap həll etmiş olur. Lakin bu mərhələnin hər il mütəmadi olaraq iyun ayında təşkili müəllimlər arasında bəzi narazılıqlara gətirib çıxarır. Doğrudur, burada deyilə bilər ki, test imtahanı mərhələsi məhz tədris ilinin bitdiyi tarixdən (15 iyun) sonraya saxlanılıb ki, burada da müəllimlərin mənafeyi nəzərə alınıb. Bu baxımdan, doğrudur, bəli, zaman meyarına görə müəllimlər nəzərə alınıb. Amma digər tərəfdən ortaya başqa problemlər çıxır. İyul ayında test imtahan mərhələsi bütün fənlər üzrə tamamilə başa çatandan sonra vakansiya seçimi mərhələsi, daha sonra isə müsahibə mərhələsi başlayır. Müsahibə mərhələsi avqust ayının sonlarında yekunlaşır və yekun cavablar da məhz ondan sonra açıqlanmış olur. Bu sıx qrafik müəllimlərə əlavə psixoloji yük sayılsa da, yenə də problemin əsas tərəfi hesab olunmamalıdır. Çünki ən ciddi problem müddətli müqavilə əsasında boş qalmış plan yerlərinə qəbul olunan müəllimlərlə bağlıdır.
Artıq yeni tədris ili başlandıqdan sonra onların yekun cavabları çıxır və yerləşdirmə oktyabr ayına qədər uzana bilir. Bu səbəbdən, elə tədris ilinin əvvəlindəcə bir çox siniflər hər hansı fənnin tədrisi üçün müəllim tapa bilmirlər. Bu zaman çıxış yolu kimi ya əvəzedici müəllimdən, ya da qeyri-ixtisas müəllimlərdən istifadə edilir. İtirən isə təbii ki, proqramdan geri qalan müəllim olur. Sırf bu səbəbdən MİQ-in test imtahan mərhələsinin iyun yox, mart ayında keçirilməsi çox məqsədəuyğundur. Belə olduğu təqdirdə müəllim və məktəb heç bir problemlə üz-üzə qalmayacaq”.