Miqrasiya qanunvericiliyinin müddəalarını pozan beş əcnəbi vətəndaş saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) işgüzar səfər vizası əsasında Azərbaycana gələn və ölkədə olduqları müddətdə miqrasiya qanunvericiliyinin müddəalarını pozan 3 nəfər Nepal və 2 nəfər Hindistan Respublikası vətəndaşının qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmasına dair məlumat yayıb.

DMX-nin Mətbuat xidmətindən bildiriblər ki, qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmış Nepal vətəndaşı Bhujel Suman, Hindistan vətəndaşları Ajrudeen və Christian Selinben Noyelkumar cari il iyulun 13-də, 27-də və 30-da işgüzar səfər vizası əsasında ölkəyə giriş ediblər. Onlar üçün müvafiq hüquqi şəxslər tərəfindən iş icazəsinin və iş icazəsi əsasında müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı avqustun 3-də, 5-də və 7-də Dövlət Miqrasiya Xidmətinə müraciət edilib. Müraciətə baxıldığı müddətdə hər üç əcnəbinin ölkədə olma müddəti, yəni viza müddətinin bitməsinə baxmayaraq müraciətə baxıldığı üçün həmin müddətdə onların ölkə ərazisində qalmaları qanuni hesab edilib. Hər üç əcnəbiyə 2019-cu il avqustun 19-da müvafiq icra hakimiyyəti orqanının rəyi əsas alınmaqla, işəgötürənin işçi qüvvəsinə tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olması səbəbindən iş və müvəqqəti yaşama icazələrinin verilməsindən imtina edilib. Əcnəbilərin viza müddətləri başa çatdığından onlara ölkəni tərk etmələri üçün 10 gün müddət verilib. Bu barədə müvafiq qərarların surətləri onlara təqdim olunub və həmin şəxslər qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlandırılıblar. Ancaq hər üç əcnəbi verilən müddətdə ölkəni tərk etməyib və müvafiq olaraq sentyabrın 12-də və 13-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə (ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırma) əsasən inzibati məsuliyyətə cəlb olunub.

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində saxlanılmış daha 2 nəfər Nepal vətəndaşı – Sing Bahadur Tamang və Simon Chundara isə cari il iyunun 11-də və 15-də işgüzar səfər vizası əsasında ölkə ərazisinə giriş ediblər. Hər iki əcnəbi iyunun 23-də Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.0.6-1-ci maddəsinə (Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda) əsasən müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Təqdim olunmuş sənədlərə əsasən, əcnəbilərə iyulun 15-də və 18-də ilkin olaraq üç ay müddətinə müvəqqəti yaşama icazəsi verilib. Ancaq sonradan onların faktiki olaraq hər hansı hüquqi şəxsin rəhbəri və ya müavini olmaları deyil, Azərbaycan Respublikası vətəndaşına məxsus həyətyanı sahədə ev təsərrüfatı işlərinə cəlb edildikləri aşkarlanıb. Qeyd olunanlar həm həyətyanı sahənin sahibi olan şəxsin, həm də əcnəbilərin izahatı ilə təsdiqini tapıb. Əcnəbilərə verilmiş müvəqqəti yaşama icazələri avqustun 16-da ləğv edilib. Sentyabrın 13-də Miqrasiya Məcəlləsinin 79.1.1-ci və 79.2-ci maddələrinə uyğun olaraq, onlar barəsində kənara çıxarma haqqında qərar qəbul olunub. Əcnəbilər, barələrində qəbul olunan müvafiq qərarların surətləri təqdim olunmaqla qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlandırılıblar.

Şəxslərin hindistanlı turist olduğu, qanunsuz olaraq məsuliyyətə cəlb edildiyi, həbs olunduğu və ya hər hansı qeyri-insani rəftara məruz qaldıqlarına dair iddialar aparılıb, daxili araşdırma nəticəsində öz təsdiqini tapmayıb və həqiqətə uyğun olmadığı aşkarlanıb. Bundan başqa, aparılan araşdırma nəticəsində adıçəkilən əcnəbilər üçün ölkədə iş və müvəqqəti yaşama icazəsinin alınacağı və daha sonra üçüncü ölkələrə göndəriləcəkləri vədi ilə onlardan xeyli miqdarda pul alınmasına dair məlumatlar əldə olunub. Faktla bağlı materiallar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib.

Qeyd edək ki, miqrasiya qanunvericiliyinin tələblərini pozduqları üçün əcnəbilərin saxlama mərkəzlərinə yerləşdirilməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən sonuncu zəruri tədbir kimi müraciət olunur. Ölkədə olma və yaşaması üçün heç bir sənədi olmayan, miqrasiya qanunvericiliyinin tələblərini pozmuş və ölkədə yaşamasının leqallaşması hüquqi cəhətdən mümkün olmayan əcnəbilərə əvvəlcə ölkəni könüllü tərk etməsi təklif olunur.

Qanunsuz miqrantların saxlanılması mərkəzləri fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın təsdiq edilməsi barədə 2016-cı il 24 avqust tarixli Qərarına uyğun olaraq təmin edir. Ombudsman Aparatının və Milli Preventiv Qrupun üzvləri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin işçiləri, əcnəbilərin vəkilləri, yaxın qohumları və sair şəxslər mərkəzdə saxlanılan əcnəbilərlə maneəsiz görüşə bilərlər. Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən Mərkəzlərə vaxtaşırı turlar təşkil olunur.

Mərkəzə baş çəkmək, saxlanılan əcnəbilərlə görüşmək (həmçinin adıçəkilən əcnəbilərlə), orada yaradılan şəraitlə tanış olmaq istəyən mətbuat nümayəndələri və ya istənilən maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər.

Share: