Bakı torpaqların itirilməsi ilə barışmayıb və onları geri qaytarmaq imkanlarını axtarır.
Axar.az xəbər verir ki, bu sözlər erməni əsilli rusiyalı politoloq Gevork Mirzoyanın “Vzqlyad” qəzetindəki məqaləsində yer alıb.
“Bu gün beynəlxalq aləm tərəfindən tanınmış istənilən dövlət “dağlıq qarabağ respublikası”nı tanımayıb. Bu sıraya Ermənistan da aiddir. İrəvanda hansısa faydalı aralıq formullar düşünülə bilər, amma Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımama erməni hakimiyyətinin onu Azərbaycanın tərkib hissəsi hesab etməsi anlamına gəlir”, – deyə o bildirib.
O, bu gün Azərbaycan Ordusunun bir sıra göstəricilərinə görə Ermənistan və Dağlıq Qarabağı ya üstələdiyini, ya da əhəmiyyətli miqdarda üstələdiyini deyib.
Mirzoyan qeyd edib ki, Azərbaycanın müttəfiqinin Türkiyədir və Ankara Cənubi Qafqazda kimin hakim olduğunu göstərməyə çalışır.
Ekspertin sözlərinə görə, Türkiyə ilə Azərbaycan birgə savaşa başlayacağı halda Ermənistan həm də İrəvanın mərkəzini itirəcək.
Bununla belə, Mirzoyanın fikrincə, Ermənistanın arxasında Rusiya dayanır və Kreml özünü Qafqazın sahibi sayır:
“Moskva regionu Türkiyəyə verməyə və sərhədlərində Qara dənizdən Xəzər dənizinə qədər türk birliyinin yaranmasına hazır deyil. Moskva bunun sayəsində Yaxın Şərqlə əlaqəsinin kəsilməsini, eləcə də Şimali Qafqazın stabilliyinə təhdid yaradılmasını istəmir. Ona görə də Rusiya Ermənistanda baza saxlayır və özünün Qafqazdakı forpostunun müdafiəsinə zəmanət verir. Əgər döyüşlər Qarabağda getsə belə, Rusiya Ermənistanı dəstəksiz qoymayacaq. Azərbaycan çalışır ki, Ermənistanı Rusiyanın təhlükəsizlik qarantından məhrum etsin. Bu işdə İlham Əliyevin yardımına Nikol Paşinyan gəlir”