
ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biri hesab olunan Misir Prezidenti Əbdül Fətah əs-Sisi gizli şəkildə Rusiyaya göndərilmək üçün 40.000-ə qədər raket istehsal etmək tapşırığı veribmiş.
Bu barədə ABŞ kəşfiyyatının sızdırılmış sənədində bildirilib.
Ad – 00:08
Həmçinin, sənəddə Prezident Sisinin fevralın 1-də “Qərblə problemlərdən qaçmaq üçün” raketlərin tədarükünün məxfi saxlanılması ilə bağlı göstəriş verməsi və hərbi istehsal üzrə dövlət naziri postunu tutan Salah əl-Dinə istehsalçılara mərmilərin Misir ordusu üçün nəzərdə tutulduğunu bildirməsi təsvir edilir.
Sənəddə Salah əl-Dinin, “zəruri olarsa, öz xalqına növbəli işləməyi əmr edəcək, çünki bu, Misirin Rusiyaya əvvəllər etdiyi köməyi geri ödəmək üçün edə biləcəyi kiçik bir şeydir”, deyə söylədiyi aydın olur. Sənəddə Rusiyanın daha əvvəl verdiyi yardımın nə olduğu açıqlanmır. Sızdırılan sənəddə Salah əl-Dindən sitat gətirilir ki, ruslar ona “hər şeyi almağa” hazır olduqlarını deyiblər.
Qeyd edək ki, Moskva və Qahirə bu yaxınlarda bir neçə mühüm saziş imzalayıb, o cümlədən bu il Rusiya ilə Misirdə nəhəng dəmir yolu zavodu tikmək üçün müqavilə imzalayıb. Rusiyanın dövlət atom enerjisi korporasiyası olan “Rosatom” da keçən il Misirin ilk Atom Elektrik Stansiyasının tikintisinə başlayıb.
Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd sənəd və orada təsvir edilən danışıqların doğruluğu ilə bağlı suallara cavab olaraq bildirib ki, Misirin ilk gündən mövqeyi bu böhrana qarışmamağa və hər iki tərəflə bərabər məsafə saxlamaq öhdəliyinə əsaslanıb.
“Misir BMT Baş Assambleyasının qətnamələrinə, BMT nizamnaməsinə və beynəlxalq hüquqa dəstəyini təsdiqləyir. Biz hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və danışıqlar yolu ilə siyasi həllə nail olmağa çağırmağa davam edirik”, – o qeyd edib.
Anonimlik şərti ilə danışan ABŞ hökumət rəsmisi, raket ixracı təşəbbüsünə istinad edərək, “Biz bu planın həyata keçirilməsindən xəbərdar deyilik. Biz bunun reallaşdığını görməmişik”, deyə bildirib.