Misir ordusu Türkiyə ilə üz-üzə gələ bilər? – Şərh

Misirin Liviyadakı hərbi konfliktə müdaxilə etməsi beynəlxalq hüquqa ziddir. Bu, suveren bir ölkənin BMT tərəfindən tanınan qanuni hökumətinə qəsd deməkdir. Rəsmi Qahirə belə bir riskə getməz. Gedəcəyi təqdirdə isə bunun bədəlini çox ağır şəkildə ödəyə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Liviya Milli Razılıq Hökumətinin Sirt və Əl Cufra şəhərini tutacağı təqdirdə Haftarın rəsmi şəkildə Misirdən Liviyadakı hərbi konfliktə müdaxilə etməyi istəyəcəyi barədə rəsmi açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, hər hansı formada və ya birbaşa yolla Misirin Liviyaya müdaxilə etməsi mümkünsüzdür: “Birincisi, Misir Sərrac hökumətini Liviyanın qanuni hökuməti olaraq tanıyır. İkincisi, nəinki Misir, istənilən bir ölkənin digərinin qanuni hökumətinin istəyi xaricində hər hansı bir hərbi müdaxiləsi qanunsuzdur. Üçüncüsü, Misirin hazırda Liviyaya hərbi müdaxilə etmək üçün kifayət qədər iqtisadi və hərbi potensialı yoxdur”.

Ekspertin sözlərinə görə, Haftarın Misirdən Liviyadakı hərbi konfliktə müdaxilə etməyi xahiş etməsi boş bir bəyanatdan başqa bir şey deyil:

“Haftar cəbhəsi birdən-birə belə bir açıqlama verməklə Türkiyəni və Sərrac hökumətini “hədələmək” istəyir. Ən azı bu yolla atəşkəsə razı salıb, yenidən gücünü toplamağa çalışır. Lakin bu, çox boş və mənasız bir bəyanatdır. Çünki bunun Türkiyə və Sərrac hökumətinəhər hansı bir təsir edəcəyini düşünmürəm. Türkiyənin Liviyada istənilən fors-major hallar üçün alterativ planı var. Digər tərəfdən Haftar özü də bilir ki, Misirin Liviyaya müdaxilə etməsi qeyri-qanunidir. Bu mənada bəyanat boş və səmərəsiz söz yığınından başqa bir şey deyil”.

Share: