Misirdə terrorçuları maliyyələşdirənlər edam və ya ömürlük həbs cəzasına məhkum ediləcək

Misirdə terrorçuları maliyyələşdirənlər edam və ya ömürlük həbs cəzasına məhkum ediləcək. AZƏRTAC “Egyptindependent” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı parlamentin iclasında terrorizm haqqında 2005-ci il qanununa dəyişiklik edilib.

Misir parlamenti, həmçinin terror təşkilatlarının və terrorçuların siyahısına da əlavələr edib. Eyni zamanda, yeni qanuna görə, bir və ya bir neçə terrorçuya təlim keçən, onları silah və sənədlərlə təmin edən, səyahətləri üçün maliyyə yardımı göstərən şəxslər də ən ağır cəzaya məruz qalacaqlar. Terrorçulara internet vasitəsilə yardım göstərənlər barəsində ömürlük həbs cəzası tətbiq ediləcək.

Parlamentin qanuna düzəlişlərində terrorçu təşkilatlara hər hansı yardım göstərən şirkətlərin, assosiasiyaların da fəaliyyətinin qadağan olunacağı, onların sahiblərinin isə cinayət məsuliyyətinə cəlb olunacağı təsbit edilib. Deputatlar peyk telekanallarında və sosial şəbəkələrdə terrorun təbliği ilə məşğul olanların da potensial terrorçu kimi siyahıya daxil edilməsini təklif ediblər. Parlamenti spikeri Əli Əbdül-Al bunun əleyhinə çıxıb. O, həmin təklifin Misir Konstitusiyasına zidd olduğunu bildirib.

Share: