Mixayıl Delyaginə cinayət işi açıldı

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılmışdır.

Millətin Səsi.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Mixayıl Delyagin 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirmişdir. Rusiya Federasiyasının vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixayıl Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilmişdir. Daha ətraflı: https://genprosecutor.gov.az/az/post/4985

Share: