MM-də Milli Qurtuluş Günü qeyd edildi

Milli Məclisdə 15 İyun – Qurtuluş Günü qeyd edilib.

Milletinsesi.az xəbər verir ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilib.

İclasa sədrlik edən Milli Məclisin spikeri Sahibə Qafarova Milli Qurtuluş Günü ilə bağlı çıxış edib.

“Bir neçə gündən sonra xalqımız tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününü qeyd edəcək. Bu bizim üçün sadəcə təqvim bayramı deyil. Onun ictimai, siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu öndər Heydər Əliyevdir”, – spiker bildirib.

Spiker qeyd edib ki, müstəqilliyin ilk illərində dövlətimizin üzləşdiyi təhdidlərin, xalqımızın yaşadığı faciələrin bu gün bu zalda əyləşən bir çoxları canlı şahidi olublar:

“Həmin dövrdə müşahidə olunan siyasi xaos və anarxiya, dərin iqtisadi tənəzzül, separatizm meylləri yenicə əldə olunmuş müstəqilliyimizi itirmək təhlükəsi yaratmışdı. Belə bir zamanda, xalqımızın dəstəyi, etimadı və tələbi ilə ölkəmizdə hakimiyyətə gələn Heydər Əliyevin yüksək səriştəsi, liderlik bacarığı, zəngin dövlətçilik təcrübəsi Azərbaycanı siyasi təlatümlərdən, beynəlxalq təcriddən xilas etdi. Ölkəmizdə hökm sürən özbaşınalıq aradan qaldırıldı və ictimai-siyasi sabitlik təmin olundu. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlar başlandı, dövlətçiliyin əsasları yaradıldı. Buna paralel olaraq, cəmiyyətimizin ideoloji əsasları formalaşdırıldı, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edildi. Demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlara start verildi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasına nail oldu.

15 İyunun bizim üçün müstəsna əhəmiyyəti həm də onunla əlaqədardır ki, möhtəşəm qurtuluş tarixi məhz bu binada – Milli Məclisdə yazılmağa başlanmışdır. Ulu Öndərin parlamentimizə rəhbərlik etməsi Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsini təşkil edir. O vaxta qədər siyasi çaxnaşmaların, marginal qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən olunduğu strateji bir mərkəzə çevrildi. Ulu Öndər məhz parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Spiker öz çıxışında dedi ki, xalqımız haqlı olaraq ölkəmizin bugünkü uğurlarını, sabitlik və firavanlığı məhz Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirir. Ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilmişdir. Çox sevindirici haldır ki, Qurtuluşdan başlanan tarixi yol bu gün də uğurla davam etdirilir”.

Spiker əlavə edib ki, ölkənin bugünkü yüksək inkişafı və tərəqqisi Heydər Əliyev ideyalarından güc alır, qurtuluş məfkurəsinə istinad edir:

“Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikası inkişaf edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində də etibarlı tərəfdaş kimi tanınır. Bu gün tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir”.

Spikerin çıxışından sonra parlamentin iclas zalında Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar hazırladığı video-material nümayiş edilib.

Daha sonra deputatlar çıxış edərək Milli Qurtuluş Günü ilə əlaqədar öz fikirlərini bölüşüb, bu günün milli tariximizdəki rolunu və əhəmiyyətini xüsusi vurğulayıblar.

 

Share: