Bakıda vəzifədən sui-istifadə və vəzifə saxtakarlığında təqsiləndirilən, məhkəmə tərəfindən barəsində bəraət hökmü çıxarılan şirkət rəhbəri həbs edilib.
Millətin Səsi.az Report-a istinadən xəbər verir ki, “Az.İnter-Şin” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mətləb Mütəllim oğlu Qənbərli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun əməlləri yoxlanılıb və barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyələrini sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)maddələri ilə ittiham verilib.
İş üzrə ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Mətləb Qəmbərlinin əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılıb.
Bu qərarla prokuror razılaşmayaraq apellyasiya prostesti verib.
Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun icraatında cinayət işi və prokurorun prostesti araşdırılıb.
Məhkəmənin qərarı ilə Mətləb Qənbərli barəsində çıxarılan bəraət hökmü ləğv edilib, prokurorun protesti təmin edilib. İş üzrə yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən, Mətləb Qəmbərli 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, məhkəmə zalından həbs edilib.