Sədir Sirəfi nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Ey Allah Rəsulunun (s) oğlu! Mömin ruhunun qəbz olmasına vadar edilərmi?”. Həzrət Sadiq (ə) buyurdu: “Allaha and olsun ki, yox! O zaman ki, ölüm mələyi onun ruhunu qəbz etmək üçün gələr, bu zaman narahatlıq bildirər. Ölüm mələyi ona deyər: “Ey Allahın vəlisi! Narahat olma! And olsun o Kəsə ki, Muhəmmədi (s) məbus etmişdir, mən sənə qarşı mehriban və ürəyi yanan atandan da mehribanam. Gözlərini aç və bax”. Həzrət (ə) buyurur: “Peyğəmbər (s), Əmirəl-möminin (ə), Həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) və Məsum İmamlar (ə) onun üçün mücəssəm və aşkar olar. Ona deyər: “Bu böyük insanlar Peyğəmbər (s), Əmirəl-möminin (ə), Həsən (ə), Hüseyn (ə) və Məsum İmamlar (ə) – sənin dostlarındır””.
Sonra buyurur: “Bu zaman mömin gözlərini açıb baxar. İzzət sahibi Allah tərəfindən car çəkən ruhunu çağırar və deyər: “Ey Muhəmməd (s) və Əhli-beytə (ə) əminlik tapmış nəfs, Pərvərdigarına tərəf qayıt. O halda ki, vilayətinə və İlahi savabına razısan. Ona görə də Mənim bəndələrimə və behiştimə daxil ol”. Bu zaman heç bir şey onun yanında ruhun xilas olmasından daha məhbub deyildir”. (Tebyan)
Əbdürrəhim Əqsər İmam Baqirdən (ə) nəql edir: “O zaman ki, sizlərdən birinizin canı boğazına çatar, ölüm mələyi nazil olar və deyər: “O şeyə ki, ümid bəsləmişdin, sənə əta oldu. O şey ki, ondan qorxurdun, ondan təhlükəsiz oldun”. Behiştdəki mənzilindən ona tərəf qapı açılar və ona deyilər: “Behiştdəki yerinə nəzər sal. Peyğəmbəri (s), Əlini (ə), Həsəni (ə), Hüseyni (ə) gör ki, sənin dostlarındır. Bu, Allahın həmin kəlamıdır. “O kəslər ki, iman gətirib həmişə (günahlardan) çəkinirdilər. Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır (dünyada peyğəmbərlərin dili və qeybdən edilən ilhamlarla, ölüm zamanı mələklərlə və axirətdə Allahın xitabı, mələklərlə görüş və həqiqətlərin aşkar olması ilə). Allahın kəlamlarında (Onun vədlərində) heç bir dəyişkənlik yoxdur. Budur böyük uğur və qurtuluş!”. (“Yunus” 63-64).
Allah Təala bizlərə belə aqibəti nəsib etsin.
Milli.Az