Moskva Cənubi Qafqazda sülh istəmir

Avqustun 7-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsi ilə bağlı çıxış edib. O, ABŞ-ın sülh müqaviləsinin imzalanması üçün işləri davam etdirəcəyini qeyd edib.

 

“Hər iki ölkə ilə birbaşa əlaqə saxlamışıq. Xüsusi nümayəndə Lui Bono keçən həftə bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə yaradıb. Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh razılaşması əldə edilə bilər və buna nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik”, – deyə o qeyd edib.

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Vaşinqtonun sülh prosesinə dəstəyini, davamlı sülhə nail olmağın yollarını müzakirə etmək üçün ötən gün Azərbaycana səfər edib. Səfər zamanı Lui Bono prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olub. Görüşlər zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi, bölgədə cari vəziyyət, Azərbaycanla Ermənistan arasında danışıqların cari vəziyyəti və perspektivləri müzakirə olunub.

 

Maraqlıdır ki, Miller çıxışı zamanı ad çəkmədən üçüncü ölkələrin əks fikirlərinin əhəmiyyətsiz olduğunu diqqətə çatdırıb.

 

ABŞ rəsmisinin bu çıxışı necə qiymətləndirilməlidir? Metyu Miller “üçüncü ölkə” dedikdə hansı ölkələri nəzərdə tutur? 

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri bildirib ki, Metyu Miller açıqlamasında üçüncü ölkə dedikdə Rusiyanı nəzərdə tutub:

 

 Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmiləri – XİN özçüsü Mariya Zaxarova və  Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru Denis Qonçar ard-arda açıqlamalar verdilər. Qonçarın çıxışı daha sərt, hədələyici formada oldu. Belə bir ab-hava yaratdılar ki, guya tezliklə bağlanan sülh nəticə etibarilə yeni münaqişələr gətirəcək. ABŞ rəsmisi Metyu Miller də məhz buna görə sülhün tez bir zamanda əldə oluna biləcəyini qeyd etməklə Rusiyaya mesaj verir. Rusiya əngəlləyici formada ortaya çıxacaqsa, ABŞ bunun qarşısını ala biləcək səviyyədə digər imkanlara malikdir. Bu, eyni zamanda Millerin münaqişə tərəflərinə də verdiyi mesajdır. Vaşinqton Azərbaycan və Ermənistana hansı dövlətin sülh istəmədəyini bir daha nümayiş etdirir. Burada işarə Rusiyanı göstərir. Bu da heç kimə sirr deyil. Azərbaycanda və Ermənistanda anlayırlar ki, Rusiya bu münaqişənin tezliklə həllində maraqlı deyil. Rusiya xüsusilə də, sülh müqaviləsinin Qərb paytaxtlarında imzalanmasını istəmir”.

Politoloqun fikrincə, ABŞ rəsmisi çıxışında Fransa və İrana da mesaj verib:

 

“İmzalanan üçtərəfli bəyannamənin tərəfi olmayan digər regional, qlobal amillər də var. Bu qüvvələr  İran və Fransadır. Məsələn İran hələ də Zəngəzur dəhlizinin açılmasının qəti əleyhinədir. Bu məsələyə ciddi şəkildə təsir etməklə tormozlayıcı rol oynamağa davam edir. Bunu İran rəsmiləri hər çıxışında bildirirlər. Fransa pərdəarxasında həmişə Ermənistanı qeyri-konstruktiv davranışa, əməllərə təhrik edir. Son humanitar yardım şousu da bu kontekstəndir. ABŞ rəsmisi dolayı yolla Fransa və İran kimi əngəlləyici amillərə də mesaj vermiş oldu”.

 

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da Metyu Millerin çıxışında Rusiyanı nəzərdə tutduğunu söyləyib:

 

“Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən son zamanlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün “hələ tezdir” kimi açıqlamalar verilir. Bu fikirlərə cavab olaraq ABŞ belə bir çağırış edib. ABŞ bu il ərzində Azərbaycn və Ermənistan arsında sülh müqaviləsinin imzalanmasında maraqlı olmasını qeyd etmişdi. 2023-cü ilə böyük ümidlər bəsləyiblər. Əlbəttə ki, bu mümkündür. Azərbaycan Prezidenti son iki aydakı çıxışlarında bunu qeyd edib. Lakin təəssüflər olsun ki, biz son zamanlar Ermənistan tərəfinin təxribatları ilə üz-üzəyik. Bütün bu təxribatlar Nikol Paşinyanın adına yazılmalıdır. O, bu kimi görüşlərdə imitasiya etdiyini göstərmiş oldu”.

Politoloq vurğulayıb ki, əgər sülh üçün həqiqi istək varsa, Ermənistan Baş nazirinə təzyiq edilməlidir.

 

“Eyni zamanda problemin kökününün Qarabağın dağlıq hissəsində hələ də erməni hərbi birləşmələrinin və separatçıların qalması ilə bağlı olduğu başa düşülməlidir. Separatizm ümumiyyətlə, MDB məkanında olmamalıdır. Bunu başa düşməli və o istiqamətdə işlər aprılmalıdır. Azərbaycanın Qarabağdakı vəziyyətlə bağlı səbr nümayiş etdirməsinin davamlı olmasını istəmək, Paşinyan sülh müqaviləsini imzalayacaq, ya yox deyə gözləmək lazım deyil. Amma Paşinyan çox yaxşı bilir ki, 2023-cü il onun üçün sonuncu il ola bilər. Azərbaycan başqa üsullara əl ata bilər”.

Mənbə

Share: