Moskva Qərbin Cənubi Qafqazda fəallaşmasından, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunda vasitəçiliyi öz əlinə almasından narahatdır.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Qərbin açıq şəkildə Ukraynada işlənmiş sxemləri köçürməyə çalışdığı Zaqafqaziyada həyəcanverici tendensiyaları gücləndirməsindən narahat olmaya bilmərik”, – deyə Zaxarova bildirib.
“Qardaş Ermənistanın görünməmiş xarici təzyiqlərə məruz qaldığını görürük. Ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik əlaqələrə xələl gətirmək üçün Rusiyanın regiondakı siyasətini gözdən salmaq üçün addımlar atılır. Bir çox fondlar, qeyri-hökumət təşkilatları və media Vaşinqton və Brüsselin göstərişi ilə hərəkət edərək Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi yaratmağa çalışırlar”, – Zaxarova əlavə edib.
Onun sözlərinə görə, Rusiya Federasiyası xarici qüvvələrin Moskva ilə İrəvan arasında konflikt yaratmaq cəhdlərinin uğurlu olmayacağına əmindir:
“Ermənistanla strateji müttəfiqliyi və çoxtərəfli əməkdaşlığı gücləndirmək əzmindəyik ki, bu da bizə mövcud çağırışları birgə aradan qaldırmağa imkan verəcək. Biz hərbi-siyasi və hərbi-texniki istiqamətlərdə dialoqu inkişaf etdiririk. Ticarət rekord sürətlə böyüyür. Nəqliyyat və logistika, infrastruktur, mədənçıxarma, yüksək texnologiyalar sahələrində ciddi layihələr həyata keçirilir və inkişaf etdirilir. Onlarla iri rus şirkəti Ermənistan iqtisadiyyatına investisiya yatırmağa davam etməyə hazırdır. Biz bu respublikanın enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi problemlərini uğurla həll edirik. Elm, təhsil və mədəniyyət sahələrində filial əlaqələr qorunur. Avrasiya İqtisadi İttifaqında iştirak İrəvana əhəmiyyətli fayda gətirir”.
Mariya Zaxarova bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində də “Qərbin həyasız yanaşmasını müşahidə etmək olar”.
“Problemin nə regional spesifikliyi, nə də xüsusi həssaslığı nəzərə alınır. Vaşinqton və Brüsselin əsl məqsədi kompromis və balanslaşdırılmış həll yollarının inkişafı deyil, özünü reklam etmək və Rusiyanı Cənubki Qafqazdan sıxışdırmaqdır”, – Zaxarova deyib.
Rusiya XİN-in rəsmisi bu günlərdə Ermənistanda müşahidəçilik missiyası yerinə yetirən Avropa İttifaqı və ATƏT-n işçi qruplarına da toxunaraq, onlarla bağlı qərarların tələsik qəbul edildiyini vurğulayıb.
“Avropa İttifaqı, ATƏT və Fransa adı altında Ermənistana Qərb emissarlarının gəlişi tez-tez baş verir. Bütün region əhalisinin maraqlarını nəzərə almayan tələsik icad edilmiş təşəbbüslər irəli sürülür. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli razılaşmaları əsasında çətin şəraitdə əldə edilmiş balansın pozulmasına yönəlib.
Paralel olaraq Moskvanın Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsi ilə bağlı əsassız ittihamlar da yayılır. Bununla əlaqədar xatırlatmaq istərdik ki, 2020-ci ilin noyabrında müharibəni dayandıran, regiona sülh və sabitlik gətirən və Bakı ilə İrəvan arasında silahlı insidentlərin həllinə hələ də həlledici töhfə verən sülhməramlıları Qarabağa göndərən ölkəmiz olub” – Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.
Zaxarovanın sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli nizamlanması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin demarkasiyası, sülh müqaviləsi üzrə razılaşma, humanitar məsələlərin həlli naminə bütün səviyyələrdə tərəfdaşlarla işləməyə davam edir.
O, həmçinin xatırladıb ki, Rusiya prezidenti Putin Azərbaycan prezidenti Əliyevi və Ermənistanın baş naziri Paşinyanı Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib, burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır.