Moskvada Azərbaycanlı Qadınlar Birliyi yaradılır

Rusiya paytaxtında Azərbaycanlı Qadınlar Birliyinin yaradılması təklif olunub. 

 

Modern.az xəbər verir ki, Moskvada yaşayıb müxtəlif sahələrdə, o cümlədən diaspor işində fəal çalışan qadınlarımızı Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti öz platformasında bir araya gətirib.  

 

Görüş 23 oktyabr tarixində Moskva azərbaycanlıları diaspor təşkilatının ofisində baş tutub.  

 

İclasda ictimai, elmi, mədəni və başqa humanitar sahələrdə böyük xidmətləri olan qadın soydaşlarımız iştirak ediblər ki, onların arasında məktəb və ali təhsil ocaqlarının müəllimləri, tanınmış elmi-pedagoji işçilər, yazıçı və şairələr, publisistlər, dizaynerlər, modelyerlər, rəssamlar, iş adamları, mədəniyyət xadimləri və s. olub.  

 

Görüş iştirakçılarını salamlayan Moskva azərbaycanlıları diaspor təşkilatının rəhbəri Bəxtiyar Həsənov müxtəlif sahələrdə uğurlu fəaliyyət apardıqlarına və diaspor həyatında aktiv iştirak etdiklərinə görə qadınlarımıza dərin minnətdarlığını bildirib. Sədrlik etdiyi təşkilatın ümumilikdə azərbaycanlıların həmrəyliyi istiqamətində konsepsiyasından və həmin konsepsiyanın məramlarının reallaşması məqsədilə aparılan işlərdən ətraflı məlumat verən Bəxtiyar Həsənov qadınlarımızın da bu sahədəki böyük potensialını, onların quruculuq rolunu xüsusi vurğulayıb.     

 

Fikir mübadiləsi formatında keçən görüşdə iştirakçılar Azərbaycan dilinin, mədəniyyətimizin, adət-ənənələrimizin təbliği istiqamətindəki konkret tədbirlərin həyata keçirilməsi və eyni zamanda Moskvada Azərbaycan mədəniyyət mərkəzinin və bu mərkəzin nəzdində müxtəlif tədris kurslarının açılması məsələlərini ətraflı nəzərdən keçiriblər. Qeyd olunub ki, aktiv şəkildə reallaşdırıla biləcək bu müştərək fəaliyyət milli bayramlarımızın və irsimizin sərgilənəcəyi fərqli festivalların daha da yüksək səviyyədə keçirilməsi ilə nəticələnəcək. 

 

Xüsusi maraq doğuran təkliflər arasında gənclərimizin bu işə aktiv cəlb edilməsi, onlara məktəb və ali təhsil ocaqlarında yardım göstərilməsi, onların sonradan işlə təmin olunması, təcrübəli Azərbaycan müəllimlərinin müxtəlif fənlər üzrə repetitor fəaliyyətinin təşkil edilməsi, çoxuşaqlı və aztəminatlı ailələrə köməklik, təşkil olunacaq tədbirlərdə cavanlarımızın tanış olmaları və gələcəkdə ailə yaratmaları üçün münbit şəraitin yaradılması da səsləndirilib və geniş müzakirə olunub.  

 

Bütün təkliflərin əhəmiyyətini vurğulayan Moskva azərbaycanlıları lideri Bəxtiyar Həsənov rəhbərlik etdiyi təşkilat daxilində özünün ayrıca strukturu, idarə heyəti və fəaliyyət planı olmaqla Qadınlar Birliyinin təsis edilməsini təklif edərək bu yeni yaradılacaq quruma hərtərəfli dəstəyin veriləcəyini qeyd edib.  

 

Mənbə

Share: