
İstanbulun “Fənərbağça” klubunun prezidenti Əli Koç “Qarabağ” klubunu UEFA Çempionlar Liqasında “Benfika” üzərindəki qələbəyə (3:2) görə təbrik edib.
Milletinsesi.az Qol.az-a istinadən xəbər verir ki, o, bu haqda “TRT Spor”a müsahibəsində deyib.
“Qarabağ”dakı dostumla danışdım, təbrik etdim. Könül bağımız olan klubdur. Onlara salam olsun” – deyə o qeyd edib.
Ə. Koç bu məğlubiyyət səbəbindən “Fənərbağça”nın sabiq baş məşqçisi Joze Mourinyonun “Benfika”ya eyni vəzifəyə gətiriləcəyi barədə xəbərlərə də münasibət bildirib.
O, bu zaman portuqaliyalı mütəxəssisə atmacalı mesaj ünvanlayıb:
“Mən bu xəbəri səhər saatlarında gördüm. Dəqiq olub-olmadığını bilmirəm. Mourinyonun “Benfika” ilə anlaşması xəbəri doğrudursa, buna həyatın qəribə təsadüfü deyə bilərəm. Başqa nə deyə bilərəm? Bundan nə qədər desən, hekayələr çıxarmaq olar (gülür). Mourinyo o qədər böyük adamdır ki, “Qarabağ”ın “Benfika”ya qalib gələcəyini xeyli öncədən görərək, hesablayıb. Az qala püşkatmadan əvvəl… Belə çıxır ki, özü “Fənərbaxça”dan qovulmasını, buna səbəb gördüyü klub rəhbərliyini tənqid etməsini, “Benfika”ya uduzmasını planlaşdırıb. Müdhiş ssenaridir”.