MSK yenidən formalaşdı

Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib

Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

Komissiyanın iclasında qurumun sədri, müavini və iki katibi seçilib.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edib.

Aprelin 27-də Milli Məclisin iclasında Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin formalaşdırıldığını xatırladan Sahibə Qafarova deyib: “Azərbaycanın demokratik inkişafında seçkilər və ümumxalq səsvermələri böyük rol oynayır. Seçkilərin qanunauyğun şəkildə hazırlanıb keçirilməsi vacib məsələdir. Bu baxımdan MSK-nın üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, ötən dövrdə Komissiya üzərinə düşən işi layiqincə yerinə yetirib. Komissiya bu gün ölkəmizin siyasi sistemində özünəməxsus yer tutur.”

Sonra MSK-nın ən yaşlı üzvü Şaitdin Əliyev Komissiyanın yeni tərkibdə ilk iclasını açıq elan edib.

Daha sonra açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyası sədrinin, sədr müavininin və katiblərinin seçkisi keçirilib.

Məzahir Pənahov yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.

MSK-nın yeni tərkibinə etimad göstərdiklərinə görə Milli Məclisin bütün üzvlərinə minnətdarlığını bildirən Məzahir Pənahov qeyd edib ki, Komissiya bundan sonrakı fəaliyyətində də ölkəmizdəki seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün lazımi addımları atacaq, qanunvericiliyin tələblərini, dövlətimizin və dövlətçiliyimizin maraqlarını əsas götürəcək. Mərkəzi Seçki Komissiyasının fəaliyyəti bu gün bir çox ölkələrdə nümunə kimi göstərilir.

Məzahir Pənahov vurğuladı ki, vətəndaşlarımızın digər konstitusion hüquqları kimi, seçki hüquqlarının da qarantı dövlət başçısıdır. Bu hüququn realizə olunması üçün 3 vacib meyar vardır ki, bunlar da ölkəmizdəki dayanıqlı ictimai sabitlik, möhkəm və təkmil hüquqi bazanın mövcudluğu və 30 mindən artıq seçki komissiyası üzvünə nümunəvi iş şəraitiyaradılmasıdır. Bütün bu sadaladıqlarımızın ölkədə bərqərar olması Prezident İlham Əliyevin siyasi iradəsinin məntiqi nəticəsidir. Sədr Məzahir Pənahov bütün bunlara görə Prezident İlham Əliyevə Mərkəzi Seçki Komissiyası adından bir daha minnətdarlığını bildirdi.

Sonra səsvermə yolu ilə Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova Milli Məclisdə heç bir partiya mənsubiyyəti olmayan müstəqil deputatları, Mikayıl Rəhimov isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları təmsil edən MSK katibləri seçiliblər.

AZƏRTAC

Share: