Milli Televiziya və Radio Şurasında Azərbaycanın ümumölkə televiziya və radio kanallarının rəhbərləri ilə görüş keçirilib.
MTRŞ-dan Milletinsesi.az-a verilən xəbərə görə, görüşdə Azərbaycanın televiziya və radio yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub.
MTRŞ sədri Nuşirəvan Məhərrəmov kanallarda yayımlanan bəzi proqramların ictimaiyyətdə yaratdığı neqativ münasibətdən, qanunvericiliyin tələblərinin xüsusən, dərman vasitələrinin reklamı sahəsində, tütün məmulatlarının zərərli təsirinin təbliği işində olan normativ tələblərin pozulmasından danışıb.
Şura sədri, həmçinin, 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması məsələsində yayımçılar qarşısında duran vəzifələr və bu sahədə hazırlıq işlərinə başlanmasının zəruriliyi barədə bəhs edib.
Televiziya və radio kanalların rəhbərləri mövcud problemlərin aradan qaldırılmasında yayımçıların, tənzimləyici orqanın və ictimaiyyətin səylərinin birləşdirilməsini, televiziya kanallarında yayımlanan proqramlarda müxtəliflik və çeşidlilik prinsipinin təbliğ olunmasının vacibliyini vurğulayıb.