Dekabrın 14-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş namizədlər üçün onlayn müsahibələrə başlanılıb.
Təhsil Nazirliyindən Milletinsesi.az-a bildirilib ki, müsahibələr “Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunur. Namizədlər şəxsi səhifələrində qeyd edilən tarixdə elektron poçt ünvanlarına göndərilən keçid linkinə daxil olmaqla müsahibəyə qoşula bilirlər.
Onlayn müsahibələr üçün yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlardan ibarət komissiya heyətləri yaradılıb. Müsahibələrin 9 gün davam etməsi nəzərdə tutulur.
Dekabrın 14-dək bu günədək 1497 nəfərin müsahibəsi yekunlaşıb. Fənlər üzrə müsahibədə iştirak edəcək namizədlərin ümumi sayı isə 2209 nəfərdir.
Hazırda hərbi xidmətdə olduğundan onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.