Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-13-də törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olan gizir Səbuhi Əhmədova “şəhid”, onun ailəsinə isə “şəhid ailəsi” statusu verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün arayış verib.
Modern.az xəbər verir ki, sənədin fotosu sosial şəbəkədə ictimailəşdirilib.
Arayışı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov sentyabrın 20-də imzalayıb.
Sənəddə qeyd olunub ki, gizir Əhmədov Səbuhi Fuad oğlu sentyabrın 13-də düşmən təxribatının qarşısının alınması zamanı həlak olub.
Bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən gizir Əhmədov Səbuhi Fuad oğlu “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir.
Qanuna əsasən “Şəhid ailəsi” statusunun verilməsi Müdafiə Nazirliyinin səlahiyyəti çərçivəsində deyil. Bu baxımdan Müdafiə Nazirliyi üzərinə düşəni etmiş hesab olunur.
İndi növbə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindədir.
Məsələ ilə bağlı quruma ünvanladığımız sorğuya isə yaxın dəqiqələrdə cavab veriləcəyi bildirilib.
Qeyd edək ki, bir gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid Səbuhi Əhmədovun qardaşı Sənanla bağlı açıqlama yayıb. Açıqlamada deyilirdi ki, Sənan “şəhid ailəsinin üzvü” hesab olunmur. Eyni zamanda, onun təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib.