Minskdə 2020-ci ildə Belarusda uğurlu çevriliş olacağı təqdirdə Qərbin Rusiyaya qarşı hərbi əməliyyatlara başlamağı planlaşdırdığı barədə məlumatlar var.
Modern.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Qərb müharibəyə hazırlaşırdı. Bunun üçün Belarusda çevrilişə cəhd etdilər. Biz bunu dəqiq bilirik. 2020-ci ildə üsyan olacaq, NATO qoşunları Smolensk vilayətinin sərhədinə gələcək hakimiyyəti bizdən alacaqdılar. Nəhayət, Donbassdan Rusiyaya qarşı müharibəyə başlayacaqdılar. Bir sözlə, plan uğurlu alınsa, müharibə əslində 2021-ci ildə başlayacaqdı. Bütün bunlarla bağlı faktları yayacağıq. Bu barədə Rusiya Prezidenti Vladimir Putinə də məlumat vermişəm”,- Lukaşenko deyib.
Xatırladaq ki, 9 avqust 2020-ci ildə Belarusda prezident seçkiləri keçirilib. Seçkini Aleksandr Lukaşenko qazanıb. İkinci yeri ölkəni tərk edən müxalifət lideri Svetlana Tixanovskaya tutub. Səsvermənin nəticələri elan olunduqdan sonra hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalarla müşayiət olunan kütləvi etiraz aksiyaları başlayıb. Belarus hakimiyyəti dəfələrlə etirazların xaricdən dəstəkləndiyini bəyan edib.