“Müqəddəs Ailə” kilsəsində bərpa işlərinin aparılmasına icazə verilib

İyunun 7-də Barselona meriyası Antonio Qaudinin “Müqəddəs Ailə” kilsəsi ilə bağlı yarımçıq qalmış layihəsinin davam etdirilməsi barədə qərar qəbul edib. Bu, kilsənin şəhər meriyası ilə iki il davam edən əməkdaşlığının bəhrəsidir.

Milletinsesi.az TASS agentliyinə istinadən xəbər verir ki, hazırda kilsə öz işlərini qanuni yolla davam etdirə bilər. Belə ki, 130 ildir kilsədə işlər lisenziyasız aparılıb.

Məlumatda bildirilir ki, “Müqəddəs Ailə” kilsəsi görülən xərcləri qarşılamaq üçün meriyaya 10 il ərzində 36 milyon avro ödəyəcəkdir.

Xatırladaq ki, “Müqəddəs Ailə” kilsəsi 1882-ci ildə Antonio Qaudi tərəfindən tikilməyə başlayıb, ancaq memarın qəfil ölümü nəticəsində işlər yarımçıq qalıb. Bu günə qədər kilsənin tikilişi xeyriyyəçilər tərəfindən davam etdirilib.

İndi kilsə Barselonanın ən mühüm abidələrindən biridir. Hər il bura 4,5 milyon turist gəlir. İşlərin tam başa çatması 2026-cı ildə, Antonio Qaudinin 100 illik yubileyinə nəzərdə tutulub.

Share: