İmam Hüseynin (ə) mübarək başının dəfn yeri haqqında tarixçilər arasında fikirayrılığı var. Mühəddis Qummi “Nəfəsul-məhmum” kitabında yazır: O həzrətin (ə) müqəddəs başının dəfn yeri barədə nəzərlər fərqlidir; bir dəstə deyir: Yezid o müqəddəs başı Mədinənin valisi Əmr ibn Səidə göndərdi. Əmr dedi: “Yezidin Hüseynin (ə) başını mənə göndərməsini əsla istəmirdim.” Sonra əmr edir ki, onu Bəqi qəbiristanlığında – anası Fatimeyi-Zəhranın (s.ə.) qəbrinin kənarında – dəfn etsinlər. (Mühəddis Qummi yazır: Həzrət Zəhranın (s.ə.) məzarı barədə doğru xəbər, onun Bəqidə deyil, öz evində dəfn olunmasıdır. (“Nəfəsul-məhmum”, səh.269.)
Milletinsesi.az maide.az-a istinadən bildirir ki, bəziləri yazırlar: Yezid o mübarək başı öz evində saxladı. Nəhayət, Mənsur ibn Cumhur adlı şəxs onu götürüb Babul-Fəradis yaxınlığında (Dəməşqdə) dəfn etdi. Bəziləri isə belə yazırlar: O mübarək baş Yezidin xəzinəsində idi. Nəhayət, Süleyman ibn Əbdülməlik öz xəlifəlik dönəmində onu tapdı və beşrəngli ipək parça ilə kəfənlədi. Bir dəstə tərəfdarı ilə ona namaz qıldıqdan sonra dəfn etdilər.
Lakin İmamiyyə (Şiə) alimlərinin məşhur etiqadına əsasən, İmam Səccad (ə) o mübarək başı Kərbəlaya qaytardı və İmam Hüseynin (ə) müqəddəs cəsədinin yanında torpağa tapşırdı və ya Nəcəfdə Əmirəlmömin Əlinin (ə) qəbri kənarında dəfn etdi. (“Nəfəsul-məhmum”, səh. 269.
Əllamə Məclisi də bu sözləri daha geniş şərhlə nəql etmişdir. “Biharul-ənvar”, c.45, səh.144-145.) Seyid ibn Tavus yazır: “Rəvayət olunur ki, o həzrətin müqəddəs başı Kərbəlaya qaytarıldı və mübarək bədəninin kənarında torpağa tapşırıldı. (“Məlhuf” (Lühuf), səh.225.)
Deməli, İmamiyyə alimləri arasında məşhur olan, o həzrətin müqəddəs başının Kərbəlada, müqəddəs bədəni yanında dəfn olunmasıdır. Bu versiya, o dövrün tarixi şahid və şərtləri ilə də uyğundur. Ona görə ki, İmam Səccad (ə) və həzrət Zeynəbin (s.ə.) Şamdakı xütbələrindən sonra Şam şəhərində atmosferin və oradakı ümumcamaatın düşüncəsinin dəyişməsi, eləcə də İmam Səccadın (ə) diqqətini cəlb etmək üçün Yezidin cəhdləri tələb edirdi ki, o, müqəddəs başı Şamda saxlamayıb İmam Səccada (ə) təhvil versin.
Bundan əlavə, müqəddəs başı xəzinəyə qoymaq və neçə illər onu saxlamaq, adətdən kənar və qeyri-adi bir işdir və bu, xalqın Əməvilər ailəsinə daha çox nifrət bəsləməsinə səbəb olardı. Odur ki, İmamiyyə alimlərinin məşhur nəzərinin həqiqətə daha yaxın olması nəzərə çarpır. “Məqtəlul-Huseyn” kitabının müəllifi Müqərrəm də belə yazır: “İmam Zeynəlabidin (ə) Yezidin razılığını aldıqdan sonra bütün şəhid başlarını Kərbəlada torpağa tapşırmaq məqsədilə ondan istədi və Yezid də başları İmam Zeynəlabidinə (ə) verdi. İmam (ə) da başları öz mübarək bədənlərinə qovuşdurdu.” (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.362; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.1011-1013.)