Bu gün Azərbaycanda Diplomatiya Günü kimi qeyd olunur.
Azərbaycan diplomatiyasının tarixi rəsmən 9 iyul 1919-cu ildən başlayır.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xarici işlər naziri 1918-ci ildə təyin olunub, amma təsis edilmə barədə rəsmi sənəd yalnız 1919-cu ildə imzalanıb.
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri arasında Azərbaycan diplomatiyası tanınmağa başladı.
Belə ki, bir çox sınaqlardan üzüağ çıxan Azərbaycan diplomatiyasına rəhbərlik edən şəxslər yenicə müstəqillik qazanan ölkənin xarici siyasətini uğurla yüksəltməyə başlayıb.
Modern.az müstəqillik dövrünün XİN rəhbərlərini təqdim edir.
Azərbaycanın görkəmli diplomatlarından biri Hüsеynağa Sadıqov ölkənin müstəqillik dövrünün ilk XİN başçısı hesab olunur. O, 1974-cü ildən diplomatik xidmətdə olub. 1974-cü ildən Almaniya Dеmokratik Rеspublikasının (ADR) Lеypsiq şəhərində SSRİ Baş Konsulluğunda müxtəlif vəzifələrdə çalışaraq vitsе-konsula qədər yüksəlib. 1982-ci ildən isə ADR-in Rostok şəhərində SSRİ konsulluğunda konsul olaraq fəsliyyət göstərib. 1988-ci il yanvarın 23-dən 1992-ci ilin may ayınadək əvvəlcə Azərbaycan SSR-nin, daha sonra Azərbaycan Rеspublikasının xarici işlər naziri vəzifəsində işləyib. 1989-cu ildə ona SSRİ-nin I dərəcəli fövqəladə və səlahiyyətli еlçi-müşaviri diplomatik dərəcəsi vеrilib.
1991-ci ildə isə müstəqil Azərbaycan Rеspublikasının ilk xariciiİşlər naziri vəzifəsinə təyin еdilmiş və Azərbaycan Rеspublikasının ATƏM-ə üzv olması üçün gеniş diplomatik fəaliyyət göstərib. 1992-ci ildə ona Azərbaycan Rеspublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik dərəcəsi vеrilib. H.Sadıqov 1992-ci ilin iyun ayında Azərbaycan Rеspublikasının AFR, İsvеçrə, Hollandiya və Lüksеmburqda fövqəladə və səlahiyyətli səfiri təyin еdilib. O, Azərbaycanın Avropa ölkələrində ilk səfiri olub və Azərbaycan ilə həmin ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin təşkili və inkişafı, o cümlədən bir sıra Avropa ölkələrində Azərbaycan diasporunun formalaşmasında böyük xidmətlər göstərib. Alman, ərəb, türk və rus dillərini bilən diplomat 2004-cü ildən təqaüdə çıxıb.
Müstəqillik dövrünün ikinci XİN başçısı isəTofiq Qasımovdur. O, 1987-ci ildən siyasi fəaliyyətə başlayıb. 1990-cı ilin fevral ayında Moskvaya ezam edilib və 100-dən artıq xarici agentlik nümayəndələri və müxbirlərlə görüş keçirərək 20 yanvar qırğını barədə geniş məlumat verərək Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin cinayətkar olduğunu dünyaya bəyan edib. O, həmçinin Azərbaycan SSR Ali Sovetində 23 sentyabr 1989-cu ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Suverenliyi haqqında Konstitusiya Qanunu”nun müzakirəyə çıxarılmasının təşəbbüskarlarından olmuş, onun hazırlanmasında Xalq Cəbhəsini təmsil etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının təşəbbüskarlarından və Azərbaycan Respublikasının Müstəqilliyi Haqqında Konstitusiya Aktının müəlliflərindən biri olub.
Daha sonra 1992-ci ilin may ayında xarici işlər naziri təyin edilib və 1993-cü ilin iyunun 26-dək bu vəzifədə çalışıb. Bu müddətdə Azərbaycanın 150-yə yaxın xarici ölkə ilə diplomatik əlaqələri qurulub, bəzi böyük dövlətlərin Azərbaycanda, Azərbaycanın bu dövlətlərdə səfirlikləri açılıb. Bundan başqa o, BMT-nin 47-ci Baş Assambleyasında iştirak və məruzə ilə çıxış edib. 1995-ci il parlament seçkilərinədək Azərbaycan Respublikasının millət vəkili olaraq qalıb. Diplomatik fəaliyyətdən sonra T.Qasımov 1996-cı ildən etibarən bir müddət Türkiyə universitetlərində dərs deyib. Norveçə mühacirət edən T.Qasımov daha sonra isə İsveçrəyə köçüb. 26 yanvar 2020-ci ildə yaşadığı İsveçrənin Lütsern şəhərində 81 yaşında vəfat edib və şəhər qəbiristanlığında dəfn olunub.
Həsən Həsənov isə müstəqillik dövrünün üçüncü XİN başçsıdır. O, 1990-1992-ci illərdə Nazirlər Sovetinin sədri, Azərbaycan Respublikasının baş naziri, 1990-1991-ci illərdə SSRİ Nazirlər Sovetinin üzvü, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi kimi çalışıb. 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1977-1981-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1979-1984-cü illərdə SSRİ Ali Sovetinin deputatı, SSRİ Ali Sovetinin inşaat komissiyasının üzvü olmuşdur. 1963-cü ildən 1980-ci ilədək Xalq Deputatları Sovetinin rayon və şəhər üzrə deputatı seçilib. H. Həsənov SSRİ tərkibində Azərbaycanın sonuncu baş naziri və müstəqil Azərbaycanın ilk baş naziri kimi də xatırlanır. H. Həsənov xalqımızın tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyinə rəhbərlik etmiş, müstəqil Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri rütbəsini alıb.
1993-cü il sentyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri təyin edilib. Azərbaycan dövləti onun xarici işlər naziri işlədiyi dövrdə Bloklara qoşulmamaq hərəkatına qoşulmuş, NATO ilə “Sülh naminə tərəfdaşlıq” müqaviləsini, Avropada sabitlik paktını imzalamış, Avropa Birliyi İqtisadi Komissiyası ilə diplomatik münasibətlər qurmuşdur. H. Həsənov BMT-nin Təhlükəsizlik Şurasının iclaslarında və Baş Assambleyanın sessiyalarında, BMT-nin İqtisadi və Sosial komissiyalarında, ATƏT-in xarici işlər nazirlərinin görüşlərində, Avropa Parlamentinin Siyasi komitəsinin, NATO Şurasının, Şimali Atlantika Əməkdaşlığı Şurasının, İqtisadi Əməkdaşlıq Təşkilatının, Ərəb Dövlətləri Cəmiyyətinin iclaslarında, iştirak edib. Azərbaycan Respublikasının Avropa Parlamentində və NATO Şurasında nitq söyləyən ilk dövlət nümayəndəsi olub. H. Həsənov 1998-ci ildə xarici işlər naziri vəzifəsindən azad edildikdən sonra elmi və bədii yaradıcılıqla məşğul olub, Azərbaycan arxivlərində aylarla yorulmaq bilmədən materiallar toplayıb, dəyərli əsərlər yazıb.
Növbəti XİN başçısı isə Tofiq Zülfüqarov olub. O bu vəzifədə cəmi bir il qala bilib. Bu vəzifədən əvvəl, 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi erməni-azərbaycanlı münaqişəsini nizamlamağı öz üzərinə götürdükdən sonra T. Zülfüqarov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə göndərilib. 1994-cü ilin martında Xarici İşlər Nazirliyində şöbə müdiri işlədiyi bir vaxtda erməni-azərbaycanlı münaqişəsinin nizamlanması üzrə danışıqlarda sülh müqaviləsinin mətninə müxtəsər imza qoymaq səlahiyyətlərini alaraq nümayəndə heyətinə başçı təyin edilib. Daha sonra 1994-cü ilin iyununda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini təyin olunub. Bu vəzifədə dörd il çalışdıqdan sonra 1998-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə Zülfüqarov Tofiq Nadir oğlu Fövqəladə və Səlahiyyətli səfir ali diplomatik rütbəsi alır.
Bir neçə ay sonra isə 1998-ci il martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunur. Azərbaycan Respublikası xarici işlər naziri kimi fəaliyyət göstərən T. Zülfüqarov özünü təşəbbüskar, yüksək hazırlıqlı diplomat və təşkilatçı kimi göstərir. 1999-cu il oktyabr ayının 25-də xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycana edilən təzyiqlərə etiraz olaraq istefa verir. Bu istefa Azərbaycan ictimaiyyətinin münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini əsas prinsip kimi sarsılmaz surətdə müdafiə etmək qətiyyətini nümayiş etdirən siyasi demarş olur. İstefadan sonra T. Zülfüqarov fəal ictimai-siyasi fəaliyyətini davam etdirib. Belə ki, o, müxtəlif ölkələrdə Azərbaycanın səfiri olaraq fəaliyyət göstərib.
V. Quliyev isə 1999-2004-cu illərdə Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsində işləyib. 2000-ci ildə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. V. Quliyev Azərbaycan Respublikasının xarici işlər naziri kimi diplomatik aləmdə Azərbaycanın haqq işini müdafiə edib və onun demokratik prinsiplər əsasında inkişaf yolu ilə addımladığını, sülhsevər siyasət yeritdiyini, Ermənistanın işğalçı dövlət olduğunu Avropa, Asiya, Amerikanın bir sıra ölkələrinin hökumət nümayəndələri ilə görüş və danışıqlarda, beynəlxalq konfrans və iclaslarda bəyan edib.
V. Quliyev xarici işlər naziri olaraq dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçıları ilə görüşüb, danışıqlar aparıb. Onun nazir işlədiyi müddətdə Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulub və təşkilatlara üzv olub. Vilayət Quliyev 2004-2010-cu illərdə Polşada, daha sonra Macarıstanda səfiri kimi fəaliyyət göstərib. O, hazırda Bosniya və Hersoqavinada Azərbaycan Respublikasının fövqəladə və səlhiyyətli səfiridir.
Daha sonra uzun müddət XİN başçsı olan Elmar Məmmədyarov müstəqillik dövrünün altıncı xarici işlər naziri sayılır. O, 1982-ci ildə diplomatik fəaliyyətə başlayıb. 1982-1988-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyində əvvəlcə 2-ci katib, sonra isə 1-ci katib vəzifələrində işləyib. 1988-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb. Beynəlxalq münasibətlər və xarici siyasət məsələləri üzrə tədqiqatlar aparmış, SSRİ-ABŞ münasibətlərinə dair dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildə Xarici İşlər Nazirliyinin dövlət protokolu şöbəsinin müdiri təyin edilib. Bu vəzifədə 1992-ci ilədək çalışıb. O, 1992-1995-ci illərdə Azərbaycan Respublikasının BMT yanındakı daimi nümayəndəliyinin 1-ci katibi işləyib.
E. Məmmədyarov 1995-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatları idarəsinin rəisi təyin edilib. O, bu vəzifədə 1998-ci ilədək işləyib. 1998-2003-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyində müşavir vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə E.Məmmədyarova 2003-cü ildə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib. O, 2003-2004-cü illərdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2004-cü il aprelin 2-də E. Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri təyin edilib. Onun dövründə Azərbaycan və Ermənistan arasında ciddi görüşlər keçirilsə də, vacib nəticələr əldə edilməyib. Nəhayət, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 16 iyul 2020-ci ildə xarici işlər naziri vəzifəsindən azad edilib.
Müstəqillik dövrünün sayca 7-ci və hazırki naziri isə Ceyhun Bayramovdur. O, bu vəzifəyə gələnə qədər müxtəlif sahələrdə çalışıb. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas olaraq çalışan C.Bayramov 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri, daha sonra 16 iyul 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub.