
Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ötən gün Şuşa-Laçın yolunda başlatdıqları aksiya davam edir. Dünəndən bəri Azərbaycanda gündəmin ən vacib hadisəsinə çevrilən dinc etirazlara dəstək məqsədilə on minlərlə fəal aksiyaya qoşulmağa hazır olduğunu bəyan edib. Onların arasında siyasətçilər, jurnalistlər və deputatlar da var.
Bəs, siyasi partiyaların Laçın yolunun bağlanmasına səbəb olan aksiya barədə mövqeləri necədir?
Modern.az mövzu ilə bağlı siyasi sferada üzdə olan bir neçə partiyadan münasibət öyrənib.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov azərbaycanlı ictimai fəal və QHT təmsilçilərinin Laçın yolunda keçirdikləri aksiyanı dəstəklədiklərini bildirib:
“Biz həm ermənilərə, həm də Qarabağın dağlıq hissəsində müvəqqəti olaraq vəziyyətə nəzarət edən sülhməramlılara həddindən artıq humanistlik göstərdik. Bu aksiya lazım idi. Çünki hər kəs bilməliydi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın oradakı yuridiksiyası tanınmalıdır. Bu məqsədlə hər bir Azərbaycan vətəndaşı aksiyalarda iştirak etməyə hazırdır. Həm siyasi partiya funksioneri kimi, həm də sıravi Azərbaycan vətəndaşı kimi aksiyalarda məmnuniyyətlə iştirak etmək fikrindəyik. Ehtiyac olacağı təqdirdə bu gündən etibarən aksiyalara qoşula bilərik. Onu da qeyd edim ki, Rusiyanın “sülhməramlı” qüvvələrinin fəaliyyəti qanuni deyil. Beləliklə, onların ərazidən çıxarılması tələb olunmalıdır”.
Ümid Pariyasının sədri İqbal Ağazadə hesab edir ki, Laçın – Xankəndi yolunun bağlanması mübarizənin yeni mərhələsinə işarədir.
“Alqışlayıram və lazım olarsa mən, həmçinin partiyadaşlarımız da bu aksiyada iştirak edərik”,- deyə o bildirib.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də özü və partiyadaşlarının aksiya iştirakçılarının tələblərini müdafiə etdiyini bildirib:
“Azərbaycan Xalq Partiyası Laçın dəhlizində rus “sülhməramlıları”nın özbaşınalığına qarşı etiraz olaraq dinc aksiya keçirən ictimai fəalların tələblərini müdafiə edir, onlarla tam həmrəyliyini bildirir və aksiya iştirakçılarına qoşulmağa şərait yaradıması üçün müraciət edir”.
Müsavat Pariyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı isə bildirib ki, aksiya geciksə də, onu dəstəkləyirlər:
“Dəfələrlə demişdik ki, dırnaqarası sülhməramlılar öz missiyalarını yerinə yetirmir. İndiki aksiyalar geciksə də, onu dəstəkləyirik. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bizim dediklərimizi, nəhayət, həyata keçirməyə icazə verdi. Partiya üzvlərinin aksiyaya qoşulub-qoşulmaması məsələsini ancaq Partiya Divanının qərarından asılı ola bilər. Yəqin ki, bu məsələni müzakirə edib, öz qərarımızı verəcəyik. Mən şəxsən aksiyaya qoşulmağın tərəfdarıyam. Azərbaycan hökuməti sülhməramlıların ərazidən çıxarılması üçün bütün diplomatik üsullardan istifadə etməlidir”.
Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli də aksiyaya dəstəyini ifadə edib:
“Mən şəxsən bu aksiyaları dəstəkləyirəm. Düşünürəm ki, aksiyalar zamanı diqqətli olmalıyıq. Çalışmalıyıq ki, milli mənafeyimizi zədələyəcək təxribatlar olmasın. Təxribatçı əməllərə imkan verilməsin. Ümumilikdə Laçın yolunda başladılan aksiyanı müsbət addım kimi qiymətləndirirəm”.