“Facebook” şirkəti Myanma hərbçiləri, eləcə də onların nəzarətində olan qurumlar və KİV-in “Facebook” və “Instagram” sosial şəbəkələrindən istifadəsini məhdudlaşdırıb.
“Kommersant” nəşrinin məlumatına görə, ABŞ şirkətinin bu addımı ölkədə baş vermiş hərbi çevrilişlə bağlıdır.
“Bu gündən etibarən biz Myanma silahlı qüvvələri strukturlarının, habelə onlarla əlaqəli olan təşkilatların, eləcə də kütləvi informasiya vasitələrinin “Facebook” və “Instagram” sosial şəbəkələrindən istifadəsini, o cümlədə adıçəkilən qurumların sosial şəbəkələrdə reklam yerləşdirməsini qadağan edirik”, – deyə “Facebook”dan yayılan bəyanatda deyilir.
Qeyd edilir ki, şirkət Myanmadakı vəziyyəti fövqəladə olaraq qiymətləndirir və öz qərarlarında yerli cəmiyyətin maraqlarından çıxış edir.
Xatırladaq ki, fevralın 1-də Myanma hərbçiləri ölkə prezidenti və hakim partiyanın sədrini, eləcə də bir sıra digər rəhbər şəxsləri həbs edərək, dövlət çevrilişi edib. Silahlı qüvvələrin bu addımları Myanma cəmiyətində ciddi etirazlara səbəb olub.