Nəsihəti necə etmək lazımdır? Qurandan nümunələr

Qurani-Kərimin bizlərə tərif etdiyi dastanların tək hədəfi vardır – tərbiyə və təlim. “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).

Nəsihət və moizənin insan tərbiyəsində rolu mühümdür. Çünki insanın hidayət olmasına və tərəqqi etməsinə səbəb olar.

Quranda nəsihətin bir neçə növünə rast gəlirik, o cümlədən:

1. Lütf və inkarla birlikdə olan nəsihət. “Dedi: “Oğulcan, öz yuxunu qardaşlarına danışma ki, sənə (qarşı) hiylə işlədərlər. Həqiqətən şeytan insanın açıq-aydın düşmənidir””. (“Yusif” 5).

2. Əhvalat şəklində olan nəsihətlər. “Elçilər(imiz)in xəbərlərinin hər cürünü – vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir”. (“Hud” 120).

3. Bəndələrin halını nəsihət üçün təsvir etmək. “Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman “salam” (xoş və yumşaq söz) deyən kəslərdir. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər”. (“Furqan” 63-64).

Lakin dinimiz buyurur ki, nəsihət o zaman faydalı olar ki, insan dediklərinə özü də əməl etsin. Əhli-Beytdən (ə) gələn hədisdə oxuyuruq: “Nə zaman alim öz elminə əməl etməz, moizəsi qəlblərdən süzülüb tökülər, necə ki, yağış saf daşın üstündə titrəyər”.

Nəsihət vermək və moizə etmək – möminin nişanələrindəndir və Qiyamət günü onu ən üstün dərəcəyə çatdırar. Belə ki, Peyğəmbər (s) buyurur: “Həqiqətən, Qiyamət günü Allah yanında ən böyük rütbəyə malik olan kəs odur ki, Allahın torpağında Allah xəlqinin xeyirxahlığı və nəsihəti üçün daha çox qaçmışdır (səy göstərmişdir).

Bəli, əgər mömin, insanların xeyirxahlığı və hidayəti üçün onlara nəsihət edərsə və düz yola yönləndirərsə, o insanın Qiyamət günü məqamı başqalarından daha uca olacaqdır.

Share: