İki EQO-nun toqquşmasında uduzan tərəf kim oldu?
Bəli, keçən günlərdə gündəmi zəbt etmiş hadisəni deyirəm. Güney Azərbaycandan ölkəmizə qonaq çağrılmış müğənninin verilişdən qovulması yaxşıca səs-küy yaratdı. Hər kəs aparıcı Zaurun cəzalandırılmasını tələb edərkən, hüquqşünaslar isə qarşı tərəfin şərəf və ləyaqətinin alçaldılması faktının, müdriyyət isə heç bir qanun pozuntusunun olmadığını söylədi. Bəlkə də, Zaur müğənni ilə belə kəskin danışmazdı, lakin onun sözlərində kiçik bir detal diqqətimi çəkdi. Müğənni Zauru görcək üzünü yana çevirmiş və onunla salamlaşmamışdı.
Bunu Zaur deyir. Yəqin ki, doğru deyir, əks halda yalan məlumatı efirdən səsləmdirməzdi. Bu hərəkətdən də öncə, telefon söhbətindən narazı qaldığı anlaşılır. Bəlkə də, Afşin onunla normal qaydada salamlaşsaydı, məsələ bu yerə gəlib çıxmayacaqdı. Bəs müğənnini ona salam verməməyə, üzünü yana çevirməyə nə vadar etmişdi? Zaurdan zəhləsi gedirdi? Yoxsa başqa səbəb var? Axı, onlar şəxsən tanış deyildilər, müğənni aparıcıya niyə hörmətsizlik etsin?
Bəlkə, söhbət əsnasında digər müğənnilərin adının çəkilməsi, ona nümunə göstərilməsi xətrinə dəyib? O zaman gəlməyəydi. Azərbaycanda daha da çox tanınmaq eşqi ( əslində daha çox pul qazanmaq eşqi, hansı ki, bu da normal istəkdir) müğənniyə güc qəldiyi üçün verilişdən imtina etməyib. Lakin “mən digər müğənnilətdən üstünəm” düşüncəsi, onun aparıcıya saymazyana davranmasına rəvac verib. Afşini özü barədə olan fikirləri ilə baş-başa qoyub keçək Zaura.
İllərlə tamaşaçı söyüşlərinə sinə gərən, tv kanal rəhbərlikləri ilə döyüşərək bərkiyən aparıcıya müğənni saymazlıq edə bilər? Bizim filrimizcə mənasız olan bu davranış, Zaur kimi “nəhəng” şəxsiyyətə təbii ki, böyuk təhqir sayila bilər. Və bu təhqir, iki kişi arasında olan söhbətin belə üstünə xətt çəkə biləcək qədər ciddi idi. Deyərsiz ki, aparıcı şəxsi incikliyini verilişdən sonra ona bildirə bilərdi və əlbəttə ki, bu fikirdə hamıniz haqlı olacaqsınız.
Amma verilişdən sonra Afşin, Zaura növbəti saymazlıq edərək çıxıb gedə bilərdi ki, bunu da Zaur nə özünə, nə də ona bağışlayacaqdı. O üzdən həmləni birinci özü yetirdi. Veriliş zamanı qonağı “tupikə” sıxıb el içində biyabır etmək istəyi isə, onun hansı dərəcədə incidiyinin, başqa sözlə alçaldığının göstəricisi idi.
Efir görüntülərindən belə qənaqətə gəlmək olar ki, Zauru bu addımı atmağa ilk olaraq Afşin təhrik etmiş, nəticədə isə gözlədiyindən daha artıq reklama nail olmuşdur. Səbirsizlik edən Zaur isə camaat tərəfindən tənqid və təhqirlərə məruz qaldı ki, bu da onun nüfuzuna vurulan növbəti zərbə idi. “Şah”la təhdid edilən Afşin isə “at gedişi” ilə rəqibini şah və mat etməyə nail oldu. Qurban pozisiyası ona daha çox məhşurluq və sevgi gətirdi. Necə deyərlər: “İstədiyi yar idi, yetirdi pərvərdigar”…
İndi isə avtobusda olan hadisəyə başqa rakursdan baxaq.
Deyilənə görə orta yaşlı qadın, avtobusu dayanacaqdan kənar yerdə saxlamağı tələb edib. (Əgər, doğurdan da, belədirsə) Sürücü isə öz vəzifə borcunu bütün qaydalara uyğun yerinə yetirərək avtobusu dayanacaqda saxlayıb. Yəqin ki, bu qaydanı hamı bilir. Amma bəlkə doğurdan da bilməyənlər var? Bu versiya heç inanılası deyil.
Bəs qadının sürücünü təhqir etməsinin əsas səbəbi nə idi? Aqressiya. Kimə qarşı?
1. İnsana qarşı.
2. Əks cinsə qarşı.
3. Xidmət sferasının işçisinə qarşı.
Lap 1- dən başlayaq.
İnsanın insana və ya digər canlılara qarşı olan aqressiyası hələ ibtidai dövrlərdə yaşamaq uğrunda mübarizə, özünü qoruma instikti kimi şüuralti proqrama yazılmışdır. Bundan biz heç yerə qaça bilmərik. Yəni ibtidai bir hissdir, öz üstünlüyünü və ya xeyrini əldə etmək üçün mütəmadi istifadə edilir.
2. Əks cinsə qarşı aqressiya. Güclü kimdirsə, haqlı da odur stereotipini yadimıza salaq. Fiziki olaraq əlbəttə ki, kişi cinsi qadından daha güclüdür və güclü olan kişi özünü haqlı sayacaq. Bəs bu haqq onlara nə kimi ziyan gətirir? Mədəni kişi öz qadınına və uşaqlarına fiziki güc göstərmədən ailəni idarə edir. Əgər öz uşaqlıq çağlarında atası, anaya və uşaqlara güc tətbiq etmişsə də, bu xoşagəlməz hadisəni psixoloji travma kimi yaşamış və öz təcrübəni sevdiklərinə tətbiq etməkdən şüurlu surətdə imtina etmişdir.
Belə ailədə qadın, (əgər bu mövzuda uşaqlıq travması yoxdursa) nadir hallarda kişiyə aqressiya göstərə bilər. Belə ailə modeli əsasən şəhər əhalisinə xasdır amma, yenə də istisnalar var. Rayon, əsasən də kənd ailə modelində isə kişi tərəfdən qadın və uşaqlara aqressiya normal hal sayılır, çünki gözlərini açandan özlərinə yalnız bu cür münasibət görüblər. Şəhər modeli ailələrdə aqressiya qorxulu, təhlükəli hal kimi qarşılandıği halda, kənd ailə modelində bu gündəlik hal kimi qiymətləndirilə bilər. (Burda da istisnalar mövcuddur)
Beləliklə, uşaqlıqdan özünə qarşı aqressiya görən qız böyüdükcə, travması da böyüyür. Yaşlandıqca, travması da dərinləşir, kök atır. Belə qadınlar gənc yaşlarında bir qədər səbirli olsalar da, yaşlandıqca kobudlaşaraq davakara çevrilir. Məqam düşdüyü halda illərcə içində gəzdirdiyi qisası kişilərdən almağa başlayır. Əslində bu daha dərin və böyük mövzudur, hələki bununla kifayətlənək.
Keçək 3- cü səbəbə
Xidmət sferasında işləyənlərə qarşi aqressiya. Buna səbəb isə, bəzi sözlərin insanlar tərəfindən düşünülmədən, yeri gəldi-gəlmədi söylənməsidir. Məsələn, vəzifə borcu. Vəzifə və borc. Təəssüflər olsun ki, xidmət göstərən insanın peşəsi onun vəzifəsi, borc sözü isə xidmət göstərdiyi adamlara ünvanlanmış kimi qəbul edilib. Yəni bu xidməti göstərməyə sən mənə borclusan. Bütun problemlər də elə bu sözdən başlayır. “Sən bunu etməlisən, bu sənin vəzifəndir, borcundur!” sözlərini tez-tez eşitmiş, bəlkə elə özünüz də işlətmisiniz.
Sizə elə gəlir ki, xidmət göstərən insanın sizə xidmət göstərməsi onun borcudur. Xeyr, borcu deyil. Həmin adamların səxsən sizə heç bir borcu yoxdur. O şəxs, öz vəzifəsini layiqincə yerinə yetirməyə borcludur, başqa sözlə öz vəzifəsinə borcludur, şəxslərə yox. Siz onlardan yalnız öz vəzifələrini vicdanla yerinə yetirməyi tələb edə bilərsiz. Ödədiyiniz pul müqabilində göstərilən xidmət, həmin peşə sahibinin sizə xidmətçi olduğu anlamına gəlmir.
Məhz elə bu səbəbdən sərnişin qadının, sürücünün ona borcu olduğunu zənn etməsi, onu özündən aşağı statusda görməsi, aqressiyanın yaranmasına, üstəlik, əks cins nümayəndəsi olduğu isə, illərlə ürəyində gəzdirdiyi qisas hissinin oyanmasına gətirib çıxardı. Üstə gəl mentalitetimizdəki yad qadina hörmətlə yanaşmaq qaydasindan sui-istifadə etmək istəyi.
Diqqət etdinizsə sosial şəbəkələrdə izləyicilərin böyük qismi sürücünün tərəfini tutdu, qadını isə söyüş söyməkdə ittiham edib, qadin, ana adına yaraşmayan hərəkətlərini pislədi. Və…onlar haqlı idilər. Çünki həmin an, hər kəs özünü və ya ailə üzvünü həmin sürücünün yerinə qoydular. Kaş həmin qadın da təhqor etdiyi kişinin yerinə öz atasinı, qardaşinı, oğlunu qoya biləydi.
Bəlkə, qoysaydı daha betər söyüşlər söyərdi. Axı özü də, ata, ana, qohum, qonşuların söyüş, qarğışları ilə böyüyüb. Axı onun qulağı nəzakətli, sevgi, şəfqət dolu sözlərə alışmayıb. Belə olan təqdirdə biz cəmiyyət olaraq bu tip qadınlardan hansı mədəni hərəkəti gözləyə bilərik? Bəs onu avtobusdan aşıran kişi? O haqlı idimi? Bax burada dilemma yaranır. Bir yandan onun da insan olduğu, hissiyyatlı, emosional gərgin olduğu nəzərə alınaraq haqq qazandırmaq olar. Digər tərəfdən də mental dəyərlərimiz at kimi üzümuzə dayanıb bizə xəcalət verir. Ədalətli qərar vermək bu qədər müşkül imiş…
Sonda bir kəlmə demək istəyirəm ki, insan nə qədər ibtidaidirsə, bir o qədər vəhşi və aqressivdir.
Nəzakətli davranış isə artıq insan kimi formalaşmış şəxslərə xas olan əlamətdir.
Nazlı Çələbi
Kulis.az